"Sabah" Misli Premyer Liqasının XIII turunun oyununda öz meydanında "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında matç haqda fikirlərini bildirib:
"Barselona” ilə oyundan sonra bu qarşılaşmaya tam hazırlaşmağa vaxtımız olmadı. Çətin oyun keçdi. “Araz-Naxçıvan” topla çox yaxşı davranan komandadır. Sadəcə, görünür, onlara son zərbə çatışmadı. Hər şey planlaşdırdığımız kimi getməsə də, pressinq sayəsində 3-4 qol epizodu yarada bildik. Çempionlar Liqasından sonra bu oyuna köklənmək çətin idi.
Hakimliyə gəlincə, referinin qərarları mənə anlaşılmaz gəldi. Həddindən artıq sarı vərəqə göstərildi. Məğlub olsaydıq, hakimlik barədə danışmazdım. Ancaq hakimlərin idarəçiliyindən narazı qaldım. Gecə-gündüz komandamla çalışıram, amma hakimliyi dəyişə bilmərəm. Hakimliklə bağlı çox mənfi fikirlərim var. Halbuki Çempionlar Liqasında hakimlərin işinə heç bir iradımız yoxdur.
Azarkeş sayının az olması? Bu problemi təkbaşına həll edə bilmərəm. Yuri Vernidub azarkeşləri stadiona gəlməyə çağırır, amma gələnlərin sayı çox azdır. “Neftçi” və “Qarabağ”la oyunları nəzərə almasaq, çempionata maraq arzuladığımız səviyyədə deyil. Hətta milli komandanın oyunlarına 1000-dən çox tamaşaçı gəlmir. “Kəpəz” və “Turan Tovuz” möhtəşəm azarkeş dəstəyinə malikdir, amma Bakıda bunu görmürük.
İnsanlar stadionun uzaqda yerləşməsindən şikayətlənirlər. Şimalda oynasaydıq, cənubda yaşayanlar narazı qalacaqdılar. Şərqdə oynasaydıq, qərbdə yaşayanlar eyni sözləri deyəcəkdilər. Bəs stadion Qız qalasının düz yanında yerləşsəydi, oyunlara gələcəkdilərmi? “Qarabağ” artıq 13 mövsümdür avrokuboklarda çıxış edir, amma oyunlarına cəmi 500-600 azarkeş gəlir. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Stadionu şəhərdə yerləşir, lakin onların da oyunlarına çox az azarkeş gəlir”.
