“Şamaxı” üzərində qazanılan qələbə sayəsində Premyer Liqanın turnir cədvəlinin sonuncu pilləsindən qurtulan “Kəpəz” Azərbaycan kubokunda 1/4 finala yüksəldi.
İndi Gəncə təmsilçisinin düşərgəsində yaşanan ab-havanı təsəvvür etmək çətin deyil.
Qarşıda onları daha çətin rəqib – “Zirə” ilə vacib oyun gözləyir.
Həmin “Zirə” ki ötən həftə “Sumqayıt”ı 4:1, ölkə kubokunda “Şamaxı”nı 3:1 hesabı ilə udmaqla özünə həldiyini göstərdi.
“Kəpəz”in futbolçusu Nicat Süleymanov Sportinfo.az-a açıqlamasında bazaar günü Tovuzda baş tutacaq oyunla bağlı danışıb:
“Bizim üçün rəqibin adı önəm daşımır. Kimliyindən asılı olmayaraq, hər matça qələbə qazanmaq üçün çıxırıq.
“Zirə”ylə oyunda da məqsədimiz dəyişməz qalır. Əlimizdən gələni edəcəyik ki, növbəti 3 xalımızı qazanıb vəziyyətimizi bir az da yaxşılaşdıraq. Bunun üçün komandamızın potensialı var”.
Dekabrın 8-də Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.
HƏBİB