"Kəpəz" belə gündə də qələbə qazana bilirsə...

12 Fevral 14:40 Kəpəz 370
"Kəpəz" belə gündə də qələbə qazana bilirsə...

"Kəpəz" yeni ilə əla başlayıb.

Qərb təmsilçisi qış fasiləsindən sonra meydana çıxdığı 3 görüşdə 2 qələbə qazanıb.

Bir məğlubiyyət isə "Qarabağ"la oyunda yaşanıb. Gəncə təmsilçisi liderlə matçda da qələbəyə yaxın olsa da son dəqiqələrdə üstünlüyü əldən verib.

Maraqlıdır, Adil Şükürov bu komandaya nə gətirib?

Birmənalı şəkildə demək olar ki, inam, güvən gətirib.

Bu gün "Kəpəz"də kimi meydana buraxsan ən azı döyüşkənliyi ilə komandaya fayda verəcək.

Çalışdırıcı sanki futbolçuların iliyinə işləyib ki, siz futbol oynaya bilirsiniz.

Təsəvvür edin ki, "Araz Naxçıvan"la son matçda (3:1) komandanın lideri Georgi Papunaşvili, müdafiə xəttinin əsas siması Yegor Xvalko, sağ cinahın tək sahibi Mate Kvirkviya müxtəlif səbəblərdən meydanda yox idi.

"Kəpəz"in oyunlarını yaxından izləyən hər kəs yuxarıda adı çəkilənlərin bölgə klubu üçün hansı statusa sahib olmasını yaxşı bilir.

Hər biri öz mövqeyinin əvəzedilməz simasıdır.

Və onların yoxluğunda orta xəttin digər vacib fiquru Olaveli Onanuqa mövsümdə ilk dəfə sol cinah müdafiəçisi, cinahda görməyə alışdığımız Vüsal Məsimov mərkəz müdafiəçisi, ehtiyat skamiyanın daimi sakini Tural Rzayev sağ cinah yarımmüdafiəçisi, dayaq yarımmüdafiəçisi Latr Fal oyun qurucusu kimi çıxış etməyə məcbur qalmışdı.

Lakin bu qədər itki və yerdəyişmələrin fonunda "Kəpəz"də ümumiyyətlə bir axsaqlıq hiss olunmadı.

Şükürovun yetirmələri mövsümün surpriz kollektivi olan Muxtar Respublika təmsilçisinə heç bir şans verilmədi.

Hətta deyərdim ki, mövsümün bəlkə də ən rahat qələbəsi əldə olundu.

Adama Niane qol fürsətlərini sağa-sola xərcləməklə yoldaşlarından geri qalırdısa, onu əvəzləyən Amil Yunanov qısa müddətdə vurduğu qolla "mən də varam" - deyə bildi.

Bu qədər itki, rotasiya fonunda kollektiv yenə meydanda öz varlığını göstərib, qələbə ruhunu ortaya qoya bilirsə baş məşqçiyə, sadəcə əhsən düşür.

Qısası, bu gün "Kəpəz" relsə qoyulub. Təbii ki, mövsümün gedişində "Kəpəz"in başına keçən, ciddi dəyişiklərə getmək imkanından məhrum olan Adil Şükürovun sayəsində.

Bu gün region təmsilçisi sonuncu pillədən qurtulmasına, orta pillələrlə xal fərqini bir xeyli azaltmasına görə məhz ona borcludur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti