Ona-buna minnətçi düş, sonra da şikayətlən… Özünə düşmən kəsilən adam

14 Mart 2023 14:40 Kəpəz 495
Ona-buna minnətçi düş, sonra da şikayətlən… Özünə düşmən kəsilən adam

«Avtobusu, tərcüməçisi, vitamini olmayan komadanın Premyer Liqada qalmasına çalışıram.

Mövsümün sonunda istirahət etmək istəyirəm. İki il istirahət etdim. Gərək istirahətimi dayandırmazdım. Stress yaşayıram».

«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov yenə dilə gəlib. Hamının bildiyi problemləri bir-bir sadalayır.

Təkrarən. Artıq neçənci dəfədir ki, ondan eyni sözləri eşidirik.

Həqiqətən qəribədir: məgər o, Gəncə təmsilçisinin sükanı arxasına keçənədək buradakı vəziyyəti bilmirdi?

Bilmirdi ki, klub bir həsir, bir Məmmədnəsirdir?

Bilmirdi ki, nə var, nə yox?

Bilmirdi ki, Yaşar Vahabzadə nəyin üstündə vəzifəsindən uzaqlaşdırılıb?

Bilmirdi ki, yerli azarkeşlər Bakıdan gələn məşqçilərə münasibətdə daha çox tələbkardır?

Bilmirdi ki…

Bilirdi, hər şeyi bilirdi. Bizdən də, sizdən də beş çömçə artıq.

O, Gəncəyə kabab iyinə gəlməyib. Yəqin yadından çıxıb, «Kəpəz»də çalışmaq üçün kimlərin qapısını döyüb, kimlərə xahiş-minnət eləyib, nə vədlər verib.

Ölkədə adam qalmayıb ki, ondan iş tapması üçün köməklik istəməsin. Deputata, AFFA-ya, İcra Hakimiyyətinə, nə bilim, İsgəndər Cavadova və daha kimlərə çıxıb.

Mövsümün əvvəlindən bəlli idi ki, «Kəpəz»də gül gülü, bülbül bülbülü səsləmir.

Hələ onda məlum idi ki, «Kəpəz» dəstəkdən məhrumdur, çatışmazlıqları saya gəlmir.

Bu problemlər sonradan «pırt» eləyib yerdən çıxmadı ki!

Tərlan Əhmədov üzərinə düşmüş mənəvi yükü kiminsə boynuna qoymağa adam(lar) axtarır. Elə təsəvvür yaratmağa çalışır ki, sanki «Kəpəz»i sevən bir budur, başqaları klubun yıxılmasını istəyir.

Bütün əyər-əskikləri növbəti dəfə ictimaiyyətin diqqətinə çatdırmaqda məqsədi «Kəpəz»in halına yanmaq deyil.

O, yenə özünü, sabahını düşünür. İndidən özünü sığortalayır ki, komanda mövsümü turnir cədvəlinin axırıncı pilləsində başa vursa, məsuliyyət üzərində qalmasın. Əl-ayağı düşüb ki, özünə yoldaş tapsın.

Adamın bəlası bundadır. Yenə işi ilə məşğul olmur.

Əhmədov fikrini yalnız komandaya versəydi, inanın, nəticələri yaxşı olardı. İntriqalara, yersiz söz-söhbətlərə sərf etdiyi vaxtı futbolçulara ayırsaydı, «Kəpəz» bu gün orta sıralarda yer almışdı.

O da belədir də, həmişə oturduğu ağacın budaqlarını kəsməsə, dinc dayanmaz.

«Neftçi»də də, «Şamaxı»da da eyni səhvi etdi, vəzifədən atdılar bayıra. «Kəpəz»də də Əhmədovu eyni aqibət gözləyir. Qeyri-adi hadisə baş verməsə əgər.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"