"Mən də cəhd edəcəm ki..."

24 Yanvar 2023 12:40 Kəpəz 399
"Mən də cəhd edəcəm ki..."

"Biz nəinki elitada qalmaq, hətta orta pillələrdə yer almaq üçün çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Kəpəz"in yeni qapıçısı Mario Mustapiç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

24 yaşlı oyunçu Gəncə təmsilçisinin qarşısına qoyulan hədəfdən danışıb:

"Məqsədimiz üçün mübarizə apara biləcək gücdə olan yaxşı kollektivə malikik. Komandada super atmosfer, yüksək əhval-ruhiyyə var.

Zamanla daha yaxşı oynayıb xallar toplayacağıq. Azarkeşlər bizim güclü tərəfimizdir. Azərbaycana ilk gəlişimdə onların dəstəyini görmüşdüm.

İndi də fanatların bizə güclü dəstək verəcəyini gözləyirəm. Azarkeşlərlə birgə komandanı irəli aparacağıq".

Xorvatiyalı qolkiper qış təlim-məşq toplanışı barədə də fikirlərini bölüşüb:

"Fasilədən sonra ilk turlardan bizi olduqca əhəmiyyətli oyunlar gözləyir. İstirahət etmək, qidalanmaq üçün hər cür imkana malik oteldə qaldıq, məşq etdiyimiz stadionlar da yaxşı idi.

Baş məşqçinin təlimatları əsasında çalışdıq. Hazırlığımız da yüsək səviyyədə keçdi. Ümid edirəm ki, “Qəbələ” və “Səbail” ilə ilk çempionat görüşlərində bizə lazım olan xalları toplaya biləcəyik”.

Mustapiç əsas heyətdə yer almaq uğrunda rəqabətə hazır olduğunu vurğulayıb:

“Orxan Sadıqlı əla qapıçıdır. Onun oyunlarda əsas heyətdə yer aldığını bilirəm. Mən də cəhd edəcəm ki, ilk “11-lik”də yer alım.

Buna görə həm özüm, həm də komanda üçün əlimdən gələni etməyə çalışacam”.

"Kəpəz" bu gün XIX turda "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!