İspaniya İkinci Diviziyasının 35-ci turu çərçivəsində keçirilən “Hueska” – “Deportivo” matçı (1:1) futbol tarixinə nadir rast gəlinən gülməli bir epizodla düşüb.
Sportinfo.az xəbər verir ki, oyunun gedişatından çox, baş hakimin üzləşdiyi gözlənilməz vəziyyət həm azarkeşləri, həm də futbolçuları şənləndirib.
Belə ki, meydan sahiblərinin oyunçusu Xavi Mieri rəqibin hücumunu qayda pozuntusu ilə dayandırdığı üçün hakim onu cəzalandırmaq qərarına gəlib.
Əlini vərəqə çıxarmaq üçün cibinə atan ədalət təmsilçisi sarı və qırmızı vərəqələrini meydan daxilinə gətirməyi unutduğunu fərq edib.
Yaranan qeyri-adi vəziyyətdə hakim çarəni dərhal yan xəttə qaçmaqda tapıb. Ehtiyat hakim dərhal həmkarının köməyinə çataraq vərəqələri ona təslim edib.
Oyun kifayət qədər sərt mübarizə ilə davam edib. Belə ki, matçın qalan dəqiqələrində futbolçular daha üç sarı və bir qırmızı vərəqə ilə cəzalandırılıblar.

