"Atletiko"nun baş direktoru Miqel Anhel Gil Marin və prezidenti Enrike Serezo klubu satışa çıxarıb.
Sözügedən şəxslər "Atletiko"nun səhmlərinin 65 faizinə sahibdir.
Klubun satışı üçün artıq ilk təmaslar qurulub. Madrid təmsilçisini almaq istəyənlər arasında ABŞ-lı iş adamı, "Mayami Dolfins" (Amerika futbolu) komandasının sahibi Stiven Ross da var.
Hazırkı rəhbərliyin "Atletiko"nu satmaq istəməsinin səbəbi üzləşdikləri maliyyə çətinliyidir.
Paytaxt təmsilçisi son 3 ildə külli miqdarda borclanıb. Yerli banklardan yüzmilyonlarla kredit götürüblər və onları qaytara bilmirlər.
"Atletiko" Azərbaycana bir "köynək" yaxındır. Vaxtilə bu klubun əsas səhmdarlarından biri azərbaycanlı iş adamı olub.
Söhbət Hafiz Məmmədovdan gedir. "Hafka" ləqəbli məşhur oliqarx 2011-ci ildə Madrid təmsilçisinin səhmlərini satın alıb. Bu, 2014-cü ilədək belə davam edib.
"Atletiko" o illərdə "Land of fire Azerbaijan" geyinib. Azərbaycan brendini formasında daşıyan komanda İspaniya çempionu olaraq, tarixində yeni səhifə açıb.
İspanlar 2013-cü ilin aprelində Bakıya səfər edib, H.Məmmədovun prezidenti olduğu "Bakı" ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Elə ogünlərdə iki klub arasında yoldaşlıq görüşü keçirilib.
Zamanında ölkə futbolu adına böyük əmək sərf etmiş iş adamı bəlkə də "Ateltiko"nu bu gün də öz himayəsində saxlayacaqdı.
Lakin biznes dünyasında yaşadığı problemlər bütün planları alt-üst etdi. Demək olar eyni vaxt həm "Atletiko"nu, həm də "Bakı"nı itirdi.
Madrid təmsilçisi başqa sponsorun himayəsinə keçdi, Bakının eyniadlı klubu isə fəaliyyətini dayandırdı.
SPORTİNFO.AZ

