1993-cü ilin noyabrın 3-də “Mançester Yunayted” Çempionlar Liqasının cavab qarşılaşması üçün Türkiyədə idi. Mançesterdə keçirilən ilk qarşılaşma 3:3 hesabı ilə yekunlaşmışdı.
“Qırmızı şeytanlar” “cəhənnəm”dən sağ çıxmaq üçün qələbə qazanmalıydılar.
Amma “Mançester Yunayted” hücumda dişli oyun göstərə bilmədi və qarşılaşma qolsuz bərabərliklə yekunlaşdı. Oyundan sonra isə insident yaşandı.
Final fiti səslənən kimi “Mançester Yunayted”un ulduzu Erik Kantona hakimin üzərinə şığıdı. Baş hakim oyuna bircə dəqiqə də əlavə etməmişdi ki, bu da Kantonanı qəzəbləndirmişdi. Amma qarşılaşmanın baş hakimi Karl Rotlisberger Erikin bu çılğınlığını cavabsız qoymadı, oyun başa çatsa da, ona qırmızı vərəqə göstərdi.
Artıq futbolçular paltardəyişmə otağına gedirdilər. Kantona isə sakitləşmək bilmirdi, çılğınlıq edirdi. Və o, türk polisinə tuş gəldi.
Həmin vaxt “Mançester Yunayted”in heyətində olmuş Stiv Bryus hadisəni belə xatırlayır: “Tunelin sonunda xilas yeri – bizim paltardəyişmə otağımız görünürdü. Amma mən ora çatana qədər polislərin Kantonanı dubinka ilə necə döydüklərini gördüm”.
Roy Kini dinləyək: “Paltardəyişmə otağında Kantona dəliyə dönmüşdü. Erik geri qayıtmaq, onu döyənlərlə haqq-hesab çəkmək istəyirdi. Biz onu güclə saxlayırdıq. O, cüssəli, fiziki cəhətdən güclü idi”.
Kantonanı sakitləşdirmək üçün baş məşqçi və köməkçiləri müdaxilə etməli olurlar. O qışqırırmış: “Məni arxadan vurdular. Bu isə əsl skandaldır”.
Paltardəyişmə otağında sakitlik yarandıqdan sonra Ferqyuson futbolçulara göstəriş verir ki, duş qəbul etməyə növbə ilə getsinlər, otaqda qalanlar isə Kantonaya nəzarət etsinlər.
“Mançester Yunayted”in avtobusu stadionu tərk edərkən azarkeşlərin hücumuna məruz qalır. Azarkeşlər avtobusu daşa basırlar. Stiv Bryus həmin məqamı belə xatırlayır: “Mən pəncərənin yanında oturmuşdum. Əgər fanatlar bir qədər iri daş atsaydılar, yəqin ki, başım parça-parça olardı”.
Erik Kantona avtobioqrafik kitabında hadisə barədə belə yazır: “Əlbəttə, ÇL-də mübarizəni dayandırdığımız üçün məyus olmuşdum. Rəqibin də iyrənc taktikası bizə oynamağa imkan verməmişdi.
Üstəlik, baş hakim də qarşılaşmaya bircə dəqiqə də əlavə etmədi. Etirazıma görə qırmızı vərəqə aldım. Ancaq mənə ən çox təsir edən, polisin arxadan kürəyimə zərbə vurması oldu. Ola bilsin ki, onunla nə vaxtsa qarşılaşacağıq”.
SPORTİNFO.AZ

