
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim adının “Benfika” ilə hallanmasına münasibət bildirib.
Portuqaliyalı mütəxəssis Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyətdən sonra (2:3) istefaya göndərilən Bruno Lajenin əvəzedici namizədlərindən biri kimi göstərilirdi.
Hətta Amorimlə lissabonlular arasında danışıqların aparıldığı iddia olunurdu. Ancaq həmin vəzifəyə sonradan Joze Mourinyo təyin olundu.
Sportinfo.az “UtdReport”-a istinadən xəbər verir ki, Amorim söz-söhbətləri qətiyyətlə təkzib edib:
“Benfika” ilə heç bir əlaqəm olmayıb. Mən “Mançester Yunayted”də işimə davam edəcəm.
Daha sonra – bu, bir ay sonra da ola bilər, on ildən sonra da – mən fasilə götürməyi planlaşdırıram, çünki buna haqq qazanmışam.
“Benfika” ilə qətiyyən heç bir bağlılığım yoxdur. Üstəlik, artıq orada Joze Mourinyo çalışacaq”.
Amorim “Mançester Yunayted”dən öncə Lissabon “Sportinq”inə rəhbərlik edib.