
“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel klubun yay transferlərinə münasibət bildirib.
Bu yay “qırmızı şeytanlar” 23 yaşlı qapıçı Senne Lammensi bonuslar+21 milyon avroya “Antverpen”dən transfer edib.
Sportinfo.az “Sun Sport”-a istinadən xəbər verir ki, Şmeyxel hesab edir ki, klub başqa variantları nəzərdən keçirməli idi:
“Biz Emiliano Martinesi almalıydıq. Əslində, imkanımız olsaydı, Canluici Donnarummanı da seçməliydik. Martineslə hər şey hazır idi və bu, çox xoş xəbər idi.
O, məhz “Mançester Yunayted”ə lazım olan qapıçıdır. Yüksək səviyyədə bütün əsas funksiyaları mükəmməl yerinə yetirir və həm də həqiqi liderdir.
Belə qapıçılar hücumçulara iki dəfə düşünməyi məcbur edir. Onun mövcudluğu həyati vacibdir.
Ona görə də maliyyə səbəblərindən transferin baş tutmamasını eşitmək çox üzücü idi. Lammens haqqında isə açığı, məlumat çıxana qədər eşitməmişdim.
Onun statistikası yaxşıdır, amma bu, Belçika “Antverpen”ində, beşinci yerdə olan komandada baş verib. O, 8 penalti zərbəsindən 4-nü dəf edib, amma yalnız statistika əsasında oyunçu almaq risklidir.
Statistikada göstərilmir ki, səhvdən sonra necə reaksiya verirsən və “Mançester Yunayted” təzyiqini necə idarə edirsən. Bu təzyiq futbolun başqa heç bir yerində yoxdur.
Lammens gələcəkdə əla transfer sayıla bilər, amma hazırda bu, daha çox ümiddir və “Mançester Yunayted”in indiki ehtiyacı deyil.
Onu Martineslə birlikdə alsaydıq, bu tamamilə məntiqli olardı: əsas qapıçı kimi dünya çempionu, yanında isə istedadlı gənc qapıçı inkişaf edərdi”.