
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komandasının Çempionlar Liqasına vəsiqə qazanmasının klub üçün nə qədər vacib olduğunu qeyd edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Premyer Liqada qalib gəlməyin asan olmadığını bildirib:
“Qarşıda bizi iki vacib oyun gözləyir. Çünki Çempionlar Liqasına düşüb-düşməməyimiz klubun maliyyə vəziyyəti və bizim üçün çox böyük əhəmiyyət kəsb edə bilər.
Bilirəm ki, komandada hər il qələbəyə öyrəşmiş futbolçular var və insanlar bizdən daim uğur gözləyir. Futbol mürəkkəb idman növüdür və xüsusilə, Premyer Liqada qalib gəlmək asan deyil.
Premyer Liqa komandalarına baxsaq, hər birində iki-üç yüksək səviyyəli futbolçu var. Yenidən çempion olmaq istəyiriksə, çox yüksək səviyyədə oyun nümayiş etdirməliyik. Biz də məhz buna nail olmaq istəyirik”.
İngiltərə Premyer Liqasında mövsümün sonuna iki tur qalmış “şəhərlilər” 65 xal toplayaraq turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və Çempionlar Liqası zonasından 1 xal geri qalır.
Komanda son iki turda “Bornmut” və “Fulhem”lə qarşılaşacaq.