Vladislav Lupaşkonun baş məşqçisi olduğu Lvov “Karpatı”sından ayrılması ölkəsi Ukraynada geniş müzakirə mövzusuna çevrilib.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, əksəriyyət bunu 39 yaşlı mütəxəssis üçün özünü göstərmək baxımından son şans hesab edib.
Bildirilib ki, daha əvvəl “İnqulets”də çalışmış Lupaşko “Karpatı” ilə uğursuz nəticələr göstərdiyindən, Ukraynanın iddialı klublarında çalışmaq ehtimalının üstündən xətt çəkilib.
Onun bundan sonra ən yaxşı halda Azərbaycanda çalışmaq variantının yaranacağı vurğulanıb: “Lupaşkonun əsas strateji səhvi mövsümün gedişində istefa verməməsi oldu.
Halbuki başa düşürdü ki, komandaya nəzarəti itirib. Bu da onun reputasiyasına ciddi zərbə vurdu.
Bundan sonra Lupaşko minimum yarım il işsiz qalacaq. Sonrası isə böyük ölçüdə lobbiçilikdən asılı olacaq.
Yəqin ki, xaricdə klub axtarışı aparılacaq. Karyerası elə də zəngin deyil ki, hətta Slovakiya, Macarıstan, Bolqarıstan klublarının diqqətini çəksin.
Ola bilsin ki, Qazaxıstan və ya Azərbaycan səviyyəsində variant ortaya çıxsın”.
Vladislav Lupaşko 2024-cü ildən bəri “Karpatı”nı çalışdırıb.

