“Araz-Naxçıvan”dan ayrılan Qara Qarayev karyerasını başa vura bilər.
33 yaşlı yarımmüdafiəçi sonuncu klubu ilə vidalaşandan sonra bu fikrə düşüb.
Buna səbəb isə Premyer Liqanın iddialı komandalarından təklif almamasıdır.
“Sumqayıt”ın rəhbəri Riad Rəfiyevin komandasında görmək istədiyi Qarayev ora getməkdən imtina edib. Səbəb “kimyaçılar”ın orta xəttində futbolçuların çoxluq təşkil etməsidir.
Baş məşqçi Saşa İliç də yarımmüdafiənin mərkəzinə yox, dgər mövqelərə futbolçu cəlb olunmasının tərəfdarıdır.
Qaranı israrla sərəncamında görmək istəyən Füzuli Məmmədov futbolçudan rədd cavabı alıb. Bölgədə yaşamaq və “Karvan-Yevlax”ın iddiası onun ürəyincə olmayıb.
Hazırda Azərbaycan millisinin üzvünə konkret təklif yoxdur. O, yaya qədər gözləmək, daha sonra yaxşı nəsə olacağına ümid etmək istəmir. Özü də yaxşı bilir ki, 5-6 ay da futbolsuz qalsa, həm qiyməti düşəcək, həm də yenidən toparlanmaq çətin olacaq.
Qarayev bir müddət gözləyəcək. Görsə ki, qapısını heç kim döymür, elə bu ay yekun qərarını verib karyerasını başa vuracaq. Çox güman, məşqçiliyə başlayacaq.
Ölkə futbolunda məşhur “Qarabağ”lı kimi tanınan Qara Qarayev nə az, nə çox, 15 il “köhlən atlar”ın uğurları üçün tər tökərək 500-ə yaxın matçda forma geyinib.
76 oyunda Azərbaycan millisinin şərəfini qoruyub.
HƏBİB / SPORTİNFO.AZ

