
Bir qədər öncə xəbər verdiyimiz kimi, «Kəpəz» baş məşqçi problemini həll edib.
Azər Bağırov 4 aylıq aradan sonra sükan arxasına gətirilib.
Artıq onunla anlaşmanın detalları da redaksiyamıza məlumdur.
Gəncə publikasının rəğbət bəslədiyi mütəxəssislə müqavilənin müddəti mövsümün sonunadək qüvvədə qalacaq. «Sarı-göylər» Premyer Liqada yerini qoruyarsa, kontrakt avtomatik olaraq daha 2 il uzadılacaq.
Gəncə təmsilçisi çempionatın gerid qalan altı turunda məğlubiyyətlə üzləşib. Yarışın xal qazanmayan yeganə iştirakçısı hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Adil Şükürov «Qəbələ»yə 0:3 hesablı yenilgidən sonra istefaya gedib. İyunda 2+1 illik müqaviləyə imza atmış mütəxəssislə kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib.
Azər Bağırov 2024-cü ilin sentyabrında baş məşqçi postunda məhz Adil Şükürovu əvəzləmişdi. «Sarı-göylər»i Premyer Liqada saxlaması istənilmiş, o da bu vəzifənin öhdəsindən gəlmişdi.
Fəqət, klubun yeni rəhbərliyi onunla yola davam etmək istəmədi, iyunda əməkdaşlığı dayandırdılar. Ötən müddət göstərdi ki, bu, səhv qərar olub. Və bu gün ziyanın yarısından qayıdıblar.
SPORTİNFO.AZ