Azərbaycanlılar portəgizlərə qarşı – Bölgədə nəfəslər kəsiləcək!

14:00 Gündəm 185
Azərbaycanlılar portəgizlərə qarşı – Bölgədə nəfəslər kəsiləcək!

Premyer Liqada V turun hər bir qarşılaşması özlüyündə müəyyən prinsipiallıq və intriqa daşıyır.

Ekvatorun bir tərəfində iddialılar münasibətinə aydınlıq gətirəcəksə, digər hissədə elitada qalmaq uğrunda mübarizə aparanlar qarşılaşacaq.

Bu mənada “Karvan-Yevlax”la “İmişli”nin dueli xüsusi əhəmiyyət kəsb edir.

I Liqadan qalan intriqa

Ötən mövsüm I Liqada mübarizə aparan komandaların aşağı dəstədəki oyunları ciddi marağa səbəb olmuşdu. Görüşlərin birində imişlilər 2:0 hesablı qələbəyə sevinmiş, digərində yevlaxlılar 3:2 ilə istəyinə çatmış, digər qarşılaşma heç-heçə yekunlaşmışdı – 1:1.

“Qəbələ”nin çempionluğu bayram etdiyi liqada 52 xalla 2-ci yeri tutan “İmişli” 3-cü sıradakı “Karvan-Yevlax”ı 5 xalla qabaqlamışdı. Yəni yüksək dəstəyə iki komanda buraxılsaydı, “Karvan-Yevlax” “ofsaydda” qalacaqdı.

Kərimovla Həşimov portəgizlərə qarşı

Artıq o dövr geridə qalıb. Çox şey dəyişib. İstər büdcə olsun, istərsə də heyət. Hər iki komandada ciddi islahatlar baş verib ki, hər ikisi elitadakı qalmaq iddiasındadır.

Yevlax təmsilçisinin rəhbərliyində və məşqçilər heyətində təmsil olunan azərbaycanlılardır. Kollektivin qeyri-rəsmi baş məşqçisi Kənan Kərimov olsa da, sənəd-sübutda Azər Həşimovun adı göstərilir. Məhz bu adamlar yeni komandanın qurulmasında, legionerlərin seçilməsində yaxından iştirak edib. Bir sözlə, “Karvan-Yevlax”ın nəticələrinə Kərimovla Həşimov cavabdehlik daşıyır.

“İmişli” isə Portuqaliyadan olan məşqçilərin nəzarətindədir. Jojr Kaştilya ilk dəfə təşrif buyurduğu ölkədə çətin şərtlər altında yay hazırlığını keçib, tanıdığı futbolçuları dəvət edib, futbol fəlsəfəsini ortaya qoymağa çalışır.

Hər iki komandanın ev oyunlarını başqa stadionlarda keçirdiyi vaxtda şərtlər demək olar eynidir. Odur ki, bu qarşılaşmanın taleyini baş məşqçilərin taktiki mübarizəsi və legionerlərin fərdi keyfiyyətləri həll edəcək.

Hədəfə çatmaq üçün ciddi addım

“İmişli” proqnozları alt-üst edərək, mövsümə fantastik başlayıb. İlk görüşdə son saniyə qolu ilə məğlub olan bölgə təmsilçisi növbəti matçda “Neftçi”dən xal almağı bacardı.

Son iki oyunda “Sabah” və “Sumqayıt” üzərindəki 1:0-lıq qələbələrlə aran komandası əksər rəqiblərini başağarısı olacağını sübut etdi.

“Sumqayıt”la dueldə protokolda yol verilən səhv üzündən komandaya texniki məğlubiyyətin verilməsi “İmişli”nin xal xanasındakı “4”ün artmasına imkan vermədi.

“Karvan-Yevlax” da eyni durumdadır. 4 oyundan əldə olunan 1 qələbə, 1 heç-heçə və 2 yenilgi. Yekunda qazanılan 4 xalla turnir cədvəlində qonşudurlar. Fərq burasındadır ki, yevlaxlılar son 2 görüşü məğlub başa vurub. Qalib tərəf elitada qalmaq hədəfi uğrunda ciddi addım atmış olacaq.

Bu gün Şamaxı şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 16:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!