Ermənistanın işğalçılıq siyasəti səbəbindən 30 ildən çoxdur ki, Cənubi Qafqazda pozulmuş nəqliyyat əlaqələrinin bərpası bu gün artıq regional deyil, qlobal əhəmiyyətli məsələyə çevrilib.
Bu, həm Qərbin, həm Şimalın, həm də region dövlətlərinin maraqlarını təmin edən prosesdir.
Hələlik mümkündür ki, Ermənistan İranın ona qarşı təhdidləri, boş-boş vədləri, yaxud şirnikləndirməsi səbəbindən, habelə xaricdəki təsir dairələrinin təhriki ilə regionda kommunikasiyaların bərpası üçün iradə ortaya qoya bilmir. Baxmayaraq ki, bu, daha çox onun özünə faydalar verə bilər.
Nəzərə çatdıraq ki, bölgədə kommunikasiyaların bərpası 10 noyabr üçtərəfli bəyanatın mühüm bəndlərindən biridir. Bu səbəbdən sənədin icrasına məsul olan tərəf kimi, Rusiya da bu məsələdə mövqe ortaya qoymalıdır.
Güman etmək olar ki, Rusiya bu məsələdə müəyyən addımlar atılması üçün çalışacaq. Ən azı indiki sıxılmış durumunda bu ona lazımdır. Bunu Rusiyanın xarici işlər nazirinin Bakıda olarkən səsləndirdiyi açıqlama da təsdiqləyir.
Lavrov ölkəsinin Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin müvafiq üçtərəfli İşçi Qrupun həmsədrləri kimi tezliklə Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında dəmir yolu marşrutunun istifadəsinin bərpası ilə bağlı konkret razılıqlar əldə edəcəklərinə ümid etdiyini söyləyib.
Naxçıvanla dəmir yolu ilə əlaqələrin bərpasına əslində Zəngəzur dəhlizi kontekstində baxmaq lazımdır. Naxçıvanla quru və dəmir yolunun bərpası məhz bu dəhlizin açılmasından keçir.
Ermənistan müəyyən dirənişlər göstərsə də, Zəngəzur dəhlizinin açılması mütləq bir prosesdir. Çünki qeyd etdiyimiz kimi, bu, artıq regional deyil, qlobal prosesin böyük bir hissəsidir.
Bu arada məlum olub ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir, artıq başa çatmaq üzrədir.
AAYDA xəbər verib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 73% icra olunub.
Düzdür, Ermənistan hələlik öz ərazisində bu işə başlamayıb. Ancaq heç şübhəsiz ki, qısa müddətdə bu məsələ həllini tapacaq və Ermənistan ərazisinə düşən hissədə işləri maraqlı tərəflər özləri sürətlə tamamlamağa çalışacaqlar.
Burada bir məqamı nəzərə çatdıraq ki, Ermənistan alternativ Laçın yolunun da öz ərazinə aid hissəsini son ana qədər təmir, bərpa etmək istəmirdi. Ancaq son anda - 2022-ci ilin ortalarında bu işi görməyə məcbur edildi...
Proseslərin gedişatı, habelə nikbin bəyanatlar, qaçılmaz reallıqlar onu deməyə əsas verir ki, yaxın 1-2 il ərzində biz Naxçıvana qatarla gedə biləcəyik. Bunu əngəlləyəcək faktorlar demək olar ki, aradan qalxıb.

