Növbəti mövsüm Premyer Liqa və I Divizionda mübarizə aparacaq klublara dövlət tərəfindən ayrılacaq yardım paketinin məbləği məlum olub.
Elitada yarışan komandaların hər birinə 2,5 milyon manat ödəniləcək.
Bu məsələ İqtisadiyyat Nazirliyinin birbaşa nəzarətindədir və prosesin tənzimlənməsi SOCAR-a tapşırılıb.
Plana əsasən, göstərilən məbləğ aylar üzrə bölünəcək və hissə-hissə ünvana köçürüləcək.
Öncə «Qarabağ» və «Neftçi»nin dotasiya almayacağı gözlənilsə də, artıq onlar da sevinə bilər - İqtisadiyyat Nazirliyi Premyer Liqanın bütün iştirakçılarının yardım ayrılmasına razıdır.
I Divizion mənsublarına gəlincə, müstəqil statuslu komandaların hər biri 500 min manat irəli düşəcək. Yəni ki, Premyer Liqa klublarının əvəzedici heyətləri bu siyahıya daxil deyil.
İndiki qeyri-müəyyənliyin arxasında SOCAR-ın AFFA-ya inamsızlığı dayanır. Şirkətin federasiyada apardığı uzunmüddətli audit, görünür, hansısa faktlar aşkarlayıb və səlahiyyət sahibləri ödəmə mexanizmini dəyişməyin zəruriliyini qəbul edib.
SOCAR klublara çatacaq vəsaitin AFFA-nın vasitəsilə paylanmasını istəmir. Alternativ variantları gözdən keçirirlər.
Ən optimal variant Gənclər və İdman Nazirliyinin bu işə cəlb olunması, məhz adıçəkilən dövlət təşkilatının iştirakıyla futbol ailəsinin «qida» ilə təmin edilməsidir.
Başqa sözlə, nazirlik SOCAR-dan gələn pulu Premyer Liqa və I Divizion təmsilçiləri arasında bölüşdürəcək, onlardan rüblük hesabat alacaq.
SPORTİNFO.AZ

