AFFA Hakimlər Komitəsinin yeni sədrinin kimliyi dəqiqləşib.
Fritz Stuxliklə yeni müqavilə imzalamayan federasiya Barış Şimşəki bu posta gətirib.
1976-cı il təvəllüdlü türkiyəli funksionerin təyinatı bu gün videokonfrans formatında keçiriləcək İcraiyyə Komitəsinin toplantısında rəsmiləşəcək.
Trabzonda anadan olan, peşəkar hakim karyerasına 1999-cu ildə başlayan Şimşək 2002-ci ildən Türkiyə Superliqasının oyunlarına təyinat alıb. O, son olaraq Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsində VAR koordinatoru və hakim işləri müdiri vəzifələrini tutub.
Şimşək bir müddətdir Bakıdadır və AFFA rəhbərliyi ilə bir neçə görüş keçirib. Onunla razılaşdırılan müqavilənin müddəti 2+1 ildir.
Türkiyəli yeni sədr azərbaycanlı hakimlərə yaxşı bələddir. Məlumat üçün bildirək ki, Şimşək onlara İstanbulda VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı 3 seminar keçib.
Tədbir AFFA və Türkiyə Futbol Federasiyası arasındakı qarşılıqlı əməkdaşlıq əsasında gerçəkləşib.
Seminarda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, I Divizionda fəaliyyət göstərən referilər, həmçinin “CBC Sport” telekanalının video-operatorları iştirak edib.
Türkiyəli təlimatçılar Barış Şimşek və Burçin Keskinin, həmçinin AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin qatıldığı dərslərdə nəzəri məşğələlərlə yanaşı, praktiki təlimlər də təşkil olunub.
VAR sistemi ilə bağlı Türkiyədə ilk seminar 2 - 4 noyabrda, ikinci seminar 30 noyabr - 2 dekabrda təşkil olunub.
SPORTİNFO.AZ

