AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasının vaxtı açıqlanıb.
Toplantı iyulun 15-də videokonfrans formatında baş tutacaq.
Saat 17:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi
2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
3. “Sabah” FK-nın əvəzedici komandasının 2022/2023 mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması
4. Digər məsələlər
İcraiyyə Komitəsinin iclasının keçiriləcəyini AFFA az öncə açıqlayıb. Biz bu haqda 2 gün əvvəl oxucularımızı məlumatlandırmışıq.
Tədbirin videokonfrans formatında təşkili AFFA prezidenti Rövnəq Abdullayevin işlərinin çoxluğu ilə əlaqədardır. Bilindiyi kimi, o, fevralda SOCAR-ın prezidenti postunu tərk edəndən sonra iqtisadiyyat nazirinin müavini kimi çalışır.
Fritz Stuxlik ötən ay Hakimlər Komitəsinin sədri postunu tərk edib. AFFA aylıq məvacibi 20 min avronu aşlan avstriyalı funksionerə yeni müqavilə təklif etməyib.
2018-ci ilin sentyabrında görəvə gəlmiş Stuxlik Elxan Məmmədovun sevimlisi idi və ikinci icraçı vitse-prezident vəzifəsində qalsaydı, şübhə yox idi ki, AFFA onunla da müqaviləni uzadacaqdı.
İnji isə val dəyişib, nə Məmmədov var, nə də Stuxlik. Yeni sədr olmağa namizədlərin sayı isə çox deyil. İki yerli, iki əcnəbidən söhbət gedir.
U-21 yığmasını Samir Əliyev çalışdıracaq. Hər halda AFFA Milan Obradoviçdən boşalan sükanı ona tapşırmaq istəyir. Tərəflər oturub danışıb və razılığa gəlib.
Əliyevin namizədliyini AFFA prezidenti şəxsən dəstəkləyib. Axı Rövnəq Abdullayev «Neftçi»yə rəhbərlik etdiyi vaxt Samir Əliyev onun ən sevimli futbolçularından biri olub.
«Sabah-2» növbəti mövsüm I Divizionda mübarizə aparmayacaq. İcraiyyə Komitəsi Masazır klubunun bununla bağlı müraciətini müsbət cavablandıracaq.
«Tələbələr» əvəzedici heyətin əksər üzvlərini Premyer Liqa və aşağı dəstə təmsilçilərinə icarəyə verib, digərləri isə Murad Musayev tərəfindən əsas komandaya cəlb olunub.
Hamını maraqlandıran əsas məsələ Premyer Liqa və I Divizion klublarına nə vaxt dotasiya ayrılacağıdır.
AFFA-nın İK-nin iclası ilə bağlı rəsmi açıqlamasında bu barədə söz açılmır. Ancaq bilirik ki, gündəmin əsas mövzusu iyulun 15-də keçiriləcək toplantıda müzakirə ediləcək.
Sadəcə, Rövnəq Abdullayevin yardım paketinin məbləğini müəyyənləşdirmək kimi səlahiyyəti daha yoxdur. Son söz İqtisadiyyat Nazirliyi ilə SOCAR-ındır.
SPORTİNFO.AZ

