Gəncə şəhər İcra Hakimiyyəti (İH) “Kəpəz”ə maliyyə dəstəyi verməyi öz üzərinə götürüb.
İH 4 ildən sonra Premyer Liqa ya qaytarılan kluba hər ay vəsait ayıracaq. Ümumi məbləğ hələ dəqiqləşməyib.
Bu, şəhər rəhbərliyinin yerli iş adamları ilə aparacağı danışıqların nəticəsindən asılıdır. Plana görə, tezliklə fond yaradılacaq.
Gəncədə fəaliyyət göstərən şirkət və müəssisələr, həmçinin fiziki şəxslər ora pul köçürəcək. Toplanan vəsait əsas komandaya mükafat ödənilməsi və uşaq futbol akademiyasının saxlanılmasına sərf olunacaq.
Bugünlərdə icra başçısı Niyazi Bayramov “Kəpəz”in rəhbərliyini qəbul edib. Görüşə klubun Müşahidə Şurasının üzvü Həmid Nəsirov və icraçı direktor İlqar Nadiri qatılıb.
“Kəpəz”in yenidən Premyer Liqaya çıxmasını Gəncə futbolunun adına müsbət məqam kimi dəyərləndirən icra başçısı azarkeşlərin həmişə kluba böyük maraq göstərməsindən danışıb.
Gəncə futbolunun köklü tarixindən, ənənəsindən bəhs edən Bayramov şəhər stadionunun ərazisində salınan meydançalar və futbol akademiyasının inşası ilə maraqlanıb.
O vurğulayıb ki, şəraitin yaxşılaşması, akademiyanın fəaliyyətə başlaması uşaq futbolunun inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək.
Elitada komandaya stadiondan azarkeşlik edərək ev oyunlarını tribunadan izləyəcəyini söyləyən şəhər rəhbəri “Kəpəz”in əvvəlki əzəmətini bərpa edəcəyinə, özünəməxsus ruhu geri qaytaracağına və yenidən azarkeşləri qələbələrlə sevindirəcəyinə inandığını bildirib.
Müşahidə Şurasının üzvü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov komandanın böyük fanat ordusuna malik olduğunu xatırlatmaqla, məqsədlərinin Gəncədə keçirilən oyunlarda stadionu azarkeşlərlə doldurmaq olduğunu deyib.
O, tamaşaçı sayında həmişə “Kəpəz”in rekordlar qırdığını vurğulayıb.
Kluba sponsorların, iş adamlarının cəlb olunması istiqamətində Futbolun İnkişafı Fondu ilə daim təmasda olduqlarını, bu istiqamətdə işlərin aparıldığını deyib. İanalərin toplanması üçün müxtəlif aksiyaların təşkilinin nəzərdə tutulduğunu açıqlayıb.
Klubun icraçı direktoru İlqar Nadiri əsas komandanın gücləndirilməsi yönündə görülən işlərdən danışıb. Gəncə şəhər stadionunun vəziyyətinə də toxunan klub rəsmisi arenanın tezliklə yenidən qurulucağına inamını ifadə edib.
“Kəpəz”ə rəng qatan azarkeşlərin güclü komanda görmək istədiklərini bildirən İlqar Nadiri, bunun ilk növbədə klubun maliyyə imkanlarına bağlı olduğunu deyib. Bu yöndə durmadan çalışdıqlarını, müəyyən çevrədə biznes adamları ilə görüşdüklərini qeyd edib.
Görüşün sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova “Kəpəz”in forması və şərfi hədiyyə olunub.
Hədiyyələrə görə təşəkkür edən icra başçısı ianə toplama aksiyası çərçivəsində komandaya dəstək verəcəyini bildirib.
SPORTİNFO.AZ

