"5 gün “Dalğa Arena”da məşq etdik, iyulun 3-dən Tovuzda başladıq. Möhtəşəm ab-hava var burada”.
“Turan Tovuz”un yeni transferi Şəhriyar Əliyev Sportinfo.az-a açıqlamasında bölgədə gördüklərindən danışıb.
Tovuzlu futbolsevərlər Premyer Liqaya həsrət qaldığından, doğma komandalarını yenidən elitada görmək onlar üçün izahı mümkünsüz hisslərdir.
Odur ki, komanda üzvlərinin ayağı stadiona dəyən kimi ayaqlarının altında qurban kəsildi, futbolçular xüsusi dəstək və atəşfəşanlıq altında qazona ayaq basdı.
"Şamaxı"dan gələn müdafiəçi Tovuzda gördüklərindən xeyli ümidlənib:
“Gələn kimi möhtəşəm dəstək gördük. Tovuzda yaş söhbəti yoxdur. Uşaqdan-böyüyə - hamı futbolu sevir, anlayır. Hiss olunur ki, Premyer Liqa üçün alışıb-yanırlar.
İstər səhər, istərsə də axşam məşqimizə nə qədər azarkeş gəlir. İnşallah, bütün bölgələrdə böyük futbol olar. İlk oyun gününü səbirsizliklə gözləyirik. İnşallah, tərəfdarlarımızı sevindirərik”.
Təcrübəli mərkəz müdafiəçisi bölgə olmasına baxmayaraq, Tovuzda onlar üçün hər cür şəraitin yaradıldığını da sözlərinə əlavə edib:
“Burada bazada qalırıq. İnanılmaz dərəcədə möhtəşəmdir. Mərdəkandakı şərait necədirsə, burada da eynisidir. Rahatlığımız üçün nə lazımdırsa, yaradıblar. Yemək-içməyimiz də bazadadır”.
Şəhriyar Əliyev vaxtilə “Sumqayıt”da Ayxan Abbasovun rəhbərliyi altında oynayıb. İndi də “Turan Tovuz”un uğur qazanması üçün çalışırlar.
HƏBİB

