AFFA İcraiyyə Komitəsinin son iclasında iki önəmli dəyişiklik öz təsdiqini tapdı.
Belə ki, 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilməsi və Premyer Liqada legioner limitin 6+5-dən 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sistemi ilə tətbiq olunması qərara alındı.
Geniş müzakirələrə yol açan dəyişikliklə bağlı AFFA-nın milli komandalar üzrə baş skautinqi İlqar Qurbanov Sportinfo.az-a açıqlamasında bunları dedi:
"Legioner limitində olan dəyişikliyin inkişaf üçün o qədər də böyük rol oynayacağını düşünmürəm. O qədər problem var ki.
Tək bununla problem həll olan deyil. Sadəcə, səviyyəli legionerlərin sayı arta bilər. Klublarımızın avrokuboklarda naliyyətləri arta bilər.
Bu kimi üstünlüklər var. Amma 7+4 olması o demək deyil ki, bütün klublarımız bu qədər legioner gətirəcək. Çünki o qədər sayda legioner ala biləcək büdcəli komandalarımız çox deyil.
Hə, "Qarabağ" üçün faydalı ola bilər. Amma "Qarabağ" onsuz da çempionatı 10-15 xallıq fərqlə qapayır, avropada uğur qazanır.
"Qarabağ" və "Sabah" bunu edə bilər. "Zirə" inanmıram ki, bu qədər legioner alsın. Bəlkə də büdcələri artırılacaq. "Neftçi" onsuz da legioner seçə bilmir. Yayda 3-4 legioner gəlir və 3-4 legioner də gedir".
XANOĞLAN

