Premyer Liqada bütün suallara aydınlıq gəlib.
Çempion bəlli, avrokuboklara vəsiqənin üç sahibi bəlli, elitanı tərk edən bəlli, pley-off oynayacaq bəlli.
Yeganə cavabsız sual Azərbaycan kubokunu hansı komandanın qazanacağı və ölkəmizi avrokuboklarda təmsil edəcək dördüncü komandanın adıdır.
Bu axşam həmin suala da aydınlıq gələ bilər. Bunun üçün “Zirə” “Sabah”ı məğlub etməlidir.
Hazırkı vəziyyətdə “Zirə”nin qələbəsini arzulayanlar yalnız zirəli azarkeşlər və kluba bağlı olan insanlardır. Futbol ictimaiyyətinin böyük əksəriyyəti “qartallar”ın məğlubiyyətini üçün əllərini göyə qaldırıb.
Niyə?
1."NEFTÇİ"
Son iki mövsümdə avrokuboklara qatıla bilməyən “ağ-qaralar” uğursuzluğa son qoymaq üçün əla imkan əldə edib. Turnir cədvəlində “Zirə”ni qabaqlayaraq 4-cü pillədə yer alan paytaxt təmsilçisi sona qədər bu yeri qoruyacağı və “Sabah” da “Zirə”ni udacağı halda Konfrans Liqasında iştirak imkanı qazanacaq.
“Neftçi”nin hansı azarkeş kütləsinə sahib olduğunu demək artıqdır. Hansı vəziyyətdə olmasına baxmayaraq, avrokuboklarda yeri görünür. Üstəlik, Yuri Vernidubun gəlişindən sonra komandanın oyununda canlanma müşahidə olunur. Yəni hazırkı “Neftçi”nin yayda gücləndikdən sonra beynəlxalq arenalarda inamlı nəticələrə imza atıb qrup mərhələsinə yüksəlməsi möcüzə kimi görünmür.
2. "QARABAĞ"
“Köhlən atlar”ın düşərgəsindən verilən açıqlamalarda “Sabah”a azarkeşlik mesajları eşidilməsə də, işin içində təvazökarlıq elementlərini görmək çətin deyil.
Halbuki “Zirə”nin kuboka sahib çıxması heç bir halda “Qarabağ”a sərf etmir. Mövsümü titulsuz başa vuran, Çempionlar Liqasında oynamaq şansını əldən verən ağdamlılar ən pis halda Avropa Liqasında mübarizə aparmaq istəyir.
İstəyin reallaşması üçün “Zirə”nin məğlubiyyəti şərtdir. Yox, Elçin Məsiyevin final fitinin yekununda sevinən tərəf Rəşad Sadıqovun komandası olsa, o zaman “Qarabağ” ölkəmizi “Turan Tovuz”la birlikdə Avropanın 3-cü dərəcəli klub turnirində təmsil edəcək.
3. "TURAN TOVUZ"
Bölgə təmsilçisi qarşıya qoyulan hədəfin öhdəsindən gəlib. Məqsəd avrokuboklara vəsiqə idi ki, o da çoxdan ciblərindədir.
Finalın yekun nəticəsi “Turan Tovuz”un Konfrans Liqasına hansı mərhələdən start verəcəyi baxımından ciddi önəm kəsb edir.
“Sabah” sevinən tərəf olsa, qərblilər “bismillah”ı 2-ci təsnifat mərhələsində deyəcək. Yox, kuboku “Zirə” qaldırsa, “Turan Tovuz” 1-ci mərhələdən başlayacaq.
Bunun özü də şübhəli məqamdır. Əksəriyyət 2-ci mərhələni arzulasa da, buradakı rəqibin asan olmayacağı dəqiqdir. Yəni təmsilçimizin mübarizəni ilk cəhddə dayandırması real görünür. 1-ci təsnifatdan başlamalı olsa, mərhələ adlamaq şansı yüksələcək ki, bunun özü də klub tarixinə qızıl hərflərlə yazılacaq. “Turan Tovuz” tarixində ilk dəfə avrokuboklarda mərhələ keçəcək.
Hər nə qədər qəribə səslənsə də, bu axşam “Qarabağ”, “Neftçi” və “Turan Tovuz” azarkeşləri Premyer Liqadakı əsas rəqibləri “Sabah”a azarkeşlik edəcək. “Niyə”si məlumdur.
“Palms Sports Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

