“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike qarşıdan gələn dünya çempionatı ilə bağlı proqnozunu bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu turnirin əsas sürpriz komandasının Mərakeş millisi olacağını, ən böyük məyusluğun isə Braziliya yığması tərəfindən yaşanacağını düşünür.
Pike DÇ-2026-nın finalında İspaniya millisi ilə Fransa yığmasının qarşılaşacağına inanır. Onun proqnozuna görə, mundialın qalibi ispanlar olacaq.
Keçmiş müdafiəçi, həmçinin, turnirin bombardiri kimi Kilian Mbappeni (Fransa millisi, “Real”), ən yaxşı futbolçu kimi isə Lamin Yamalı (İspaniya yığması, “Barselona”) göstərib.
Pikenin seçiminə əsasən, turnirin parlayan gənc futbolçusu Meksika millisindən Armando Qonsales olacaq.
Son dünya çempionatının qalibi Argentina millisi olub. 2026-cı il mundialı tarixdə ilk dəfə 48 yığmanın iştirakı ilə keçiriləcək. Turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

