AFFA-nın İcraiyyə Komitəsinin üzvləri aprelin 29-da dəbdəbəli Bakı Olimpiya Stadionunda yığışmışdı.
Ölkə futbolunun əsas söz sahibləri 7 məsələ ilə bağlı qərar qəbul edəndə onlardan 1-i çoxlarının təəccübünə səbəb olmuşdu:
“Azərbaycan çempionatında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdirilsin”.
Bu, Qurban Qurbanovun limit və əvəzetmə sayı ilə bağlı yeni təklif irəli sürdüyü vaxtlar idi.
Ölkə futbolunun “1 nömrələr”i ölkə futbolunun 1 nömrəli məşqçisinin təklifini vecə almamışdı. Bəlkə də müzakirə etməmişdi.
Mətbuat konfranslarının birində Qurbanova İcraiyyə Komitəsinin yeni qərarları ilə bağlı sual veriləndə, Qurban bəyin cavabı kimlər üçünsə sillə effekti vermişdi:
“Baxıram ki, mənim təkliflərim önəmsizdir. Ona görə də bundan sonra heç nə danışan, ölkə futbolu ilə bağlı məsələlərdə fikir bildirən deyiləm”.
Komitə üzvlərinin cənab Prezidentin şəxsən hörmət bəslədiyi, tez-tez adını dilinə gətirdiyi, “Şöhrət” ordeninə layiq bildiyi baş məşqçiyə vecsiz münasibəti yerdə qala bilməzdi.
Mütləq hansısa formada yenilənməyə ehtiyac vardı ki, bu xoş hadisə mayın 31-nə təsadüf etdi.
Komitə üzvləri sanki başqa məsələlərlə bağlı yığışıbmış ab-havası yaradaraq limit mövzusunu da araya salıb “7+4” formatına keçilməsini, əvəzetmə sayının 5-ə yüksəldilməsini qərara aldı.
Bu, Azərbaycan futbolunu ayaqüstə saxlayan, “Qarabağ” adını dünyaya tanıdan, nümunəvi hərəkətləri ilə avropalıların gözlərini bərəldən Qurban Qurbanovun əməyi, istəyi, mübarizəsi idi.
Bu, həm də Qurban bəyin İcraiyyə Komitəsindəki “mütəşəkkil dəstə”nin üzərindəki parlaq qələbəsi idi.
Qələbəniz mübarək, Qurbanov! Gözlərin aydın, Azərbaycan futbolu!
HƏBİB

