Dünən AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirildi.
Aparılmış müzakirələrdən sonra 6 qərar qəbul olundu.
Premyer Liqasın 2022/2023-cü il mövsümünün 10 komandanın iştirakı ilə keçirilməsi haqda qərarın təsdiqlənəcəyi əvvəlcədən bəlli idi. Bedəcə, müvafiq lisenziya almış “Kəpəz” və “Turan-Tovuz”ın yolu rəsmən açılmış oldu.
İK-nin verdiyi qərarlar içərisində ikisi daha çox diqqət çəkir:
1. 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limiti 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sistemi ilə tətbiq olunsun.
2. Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, Azərbaycan Premyer Liqasında
2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilsin. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statuslu futbolçu olmalıdır.
Bu, doğrudan da, ciddi dəyişiklikdir. Halbuki İcraiyyə Komitəsi aprelin 23-də keçirilən öncəki toplantıda qərar vermişdi ki, Azərbaycan Premyer Liqasında legioner limiti 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək və çempionatda əvəzetmə sayı (3) da dəyişdirilməyəcək.
Həmin vaxt ali orqanın mövqeyi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı.
Adətən, AFFA-nın əleyhinə heç bir fikir bildirməyən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu dəfə komitənin qərarlarından narazılığını gizlətməmiş, təəccübləndiyini söyləmişdi:
"Bəzən belə suallardan uzaq olmaq istəyirəm. Amma fikirlərimi də bildirməliyım. Qərarın səbəbini deyə bilmərəm. Sadəcə, maraqlı tərəf odur ki, bizim fikirlərimiz öyrənilir, amma qərar fərqli olur.
Klublar Komitəsi yığışıb müzakirə də aparmışdı. Hər klubun öz düşüncəsi var, gələcəyə nəyisə planlaşdırır.
Bu gün yenə də müzakirə olunacaq, amma qərar sonra açıqlanacaq deyə klublara məlumat gəlmişdi. Soruşmuşdular, demişdim ki, biz heç bir fikir bildirməyək, digərləri nə desə, ona uyğun da işimizlə məşğul olmuşuq.
Çempionatın gedişi ilə bağlı fikirlərim fərqlidir. Kiçik fikir bildirdik, fərqli qərar verdilər. Bundan sonra ümumiyyətlə fikir bildirməyəcəyəm.
Fikirlərinizə önəm verilməyəndə bizə öz işimizlə məşğul olmaq qalır. Qərarlara təəccüblənmədim, ciddi dəyişiklik olmadı. İcraiyyə Komitəsində necə istədilərsə, o da oldu.
Yəqin ki, özləri açıqlama verəcəklər. Görünür, dərindən düşünüb qərar veriblər. İstənilən halda, özüm və komandam Azərbaycan futboluna layiqincə xidmət etməyə çalışırıq".
Bildiyimizə görə, komitənin məlum mövzularda verdiyi əvvəlki qərarların təşəbbüskarı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev olub. Məhz o, İK-nin toplantısında aktivlik nümayiş etdirərək, legioner limitinin və əvəzetmə sayının dəyişdirilməsinin düzgün olmadığını bildirib.
Maraqlıdır ki, AFFA-nın icraçı vitse-prezidenti kimi sonuncu yığıncağa qatılan Elxan Məmmədov Ramin Musayevin fikirlərini dəstəkləməyib, müzakirələrə fəal qoşulmayıb.
Elə orada hər şey PFL prezidentinin üzərində qaldı. Yaxın dostunun mövqeyini nəzərə alan Rövnəq Abdullayev nə biləydi ki, verdikləri qərarlar az sonra onu əlavə suallarla təkbətək çıxaracaq..?
AFFA prezidenti bəlkə də gündəmin ciddiliyinin fərqinə varmamışdı. İK-dən narazı bəzi Premyer Liqa klublarının himayədarları əllərindəki faktları müxtəlif qurumlara çatdırandan sonra bax, dünənki toplantını keçirmək və qərarları dəyişmək zərurəti yarandı.
Başqa cür də ola bilmədi: dəvədən böyük FİL var. Və həmin bu FİLin AFFA-ya təsir imkanları 1 il öncəyə nisbətən qat-qat çoxdur.
Demək ki, tezliklə federasiyanın özündə ciddi islahatların olmasını da gözləməyə dəyər. AFFA bu dəyişikliyə artıq «hamilədir». Gün, həftə, uzağı, ay söhbətidir - idmanın bütün sahələrini əhatə edən kardinal «təmizləmə prosesi» futbol aləmindən yan ötə bilməz.
Futbol dünyanın əksər hissələrində olduğu kimi, Azərbaycanda da bir nömrəli idman növüdür və hamının gözləntisi islahatların elə birinci buradan başlaması yönündədir.
İndi hər kəs o günə fokuslanıb və islahat dalğasının AFFA-nın sahilinə yan almasından ötrü səbirsizlənir. İcraiyyə Komitəsinin aprelin 23-dəki qərarlarını təkrar nəzərdən keçirməsi və dəyişdirməsi prosesin məhz bu səmtdə inkişafının əlaməti olaraq başadüşülməlidir.
Xəzər Hikmət

