“Xan Lənkəran”ın prezidentindən “Sportinfo”ya SON DƏQİQƏ AÇIQLAMASI

13 May 2022 18:00 Gündəm 2 084
“Xan Lənkəran”ın prezidentindən “Sportinfo”ya SON DƏQİQƏ AÇIQLAMASI

«Biz bu klubu bu gün üçün yaratmamışıq, yeganə məqsədimiz dövlətimizin idman siyasətini dəstəkləmək, futbolun inkişafına nail olmaqdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov deyib.

Rusiyada yaşayan biznesmen ötən ilin yayında yaratdığı klubun böyük hədəflərlə yola çıxdığını bildirib:

«Region Liqasında çıxış etməyimiz inkişafa aparan istiqamətdə birinci addımdır. Biz bu yerdə qalmaq istəmirik, hədəfimiz I Divizion, ondan sonra da Premyer Liqada çıxış etməkdir.

Futbolda ilk ilimiz deyil. İllər öncə «Mamusta»FK-nı yaratmışıq. «Xan Lənkəran» onun varisidir. Mən Lənkəranın Mamusta kəndində dünyaya gəlmişəm və qohum-əqrabamızda əksəriyyət böyük futbol azarkeşidir.

Yaratdığımız klubda da ilk vaxtlar kəndin öz həvəskar futbolçuları çıxış edib. Yaxşı nəticəmiz də olub. «Polad Kuboku»nu qazanmışıq.

Pandemiya araya düşdü, yoxsa «Mamusta»FK adıyla Region Liqasında mübarizə aparacaqdıq. Karonavirusa görə çempionat keçirilmədiyindən, biz də 1 imldən artıq müddətdə gözləməli olduq.

O ərəfədə fikirləşdim ki, yavaş-yavaş peşəkar səviyyədə futbola keçməli, normal klub yaratmalıyıq. Yaxın dostlarla məsləhətləşib, klubun adını «Xan Lənkəran»a dəyişdik və Lənkəranın özünə köçdük.

Hazırda Region Liqasında ən təminatlı və iddialı komanda da «Xan Lənkəran»dır. Qısa müddətdə böyük işlər görmüşük və bundan sonra da görməyə qadirik.

Mehriban kollektivimiz var. Həm məşqçilərə, həm də futbolçulara normal maaş ödəyirik. Hər oyuna görə yüksək mükafat alırlar.

Klubumuzda, ümumiyyətlə, 50 nəfərdən artıq şəxs çalışır və hamısı vaxtlı-vaxtında maaş alır. Azərbaycan futbolunun «Xan Lənkəran» kimi klublara ehtiyacı var.

Biz pulu Azərbaycanda qazanmırıq. Biznesimiz ölkə xaricindədir, ancaq başqa yerdə qazandığımız vəsaiti burada idman sahəsinə xərcləyirik ki, gənclərimiz pis vərdişlərdən uzaq olsun, sağlam həyat sürsün.

Mən ailəmdən belə tərbiyə görmüşəm, doğma vətənə bağlı biriyəm. Hər iş adamı bir sosial layihəyə həvəs salır.

Mən də uşaqlıqdan futbola böyük maraq göstərirəm. İstəyirəm ki, uşaqlığımın keçdiyi Lənkəranın futbol ənənələrini bərpa edim».

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?