"Ya mənə nifrət edirlər, ya da tamamilə çətindir, heç nə başa düşmürəm"

25 Noyabr 2021 02:40 Gündəm 900
"Ya mənə nifrət edirlər, ya da tamamilə çətindir, heç nə başa düşmürəm"

Ermənistanda Rusiyaya qarşı təzadlı fikirlər əvvəllər pərdəarxası saxlanılsa da, indi bu ölkədə anti-Rusiya meyillərini istənilən sahədə görmək mümkündür.

Ölkədə siyasətdən tutmuş hərbi dairələrə qədər erməni cəmiyyətində Rusiya əleyhinə etirazlar və tənqidlər səslənməyə başlayıb.

Belə ki, noyabrın 23-ü ermənilər təşkil etdikləri daha bir aksiya zamanı açıq-aydın Qərbə yönəldiklərini və artıq Rusiyadan üz döndərdiklərini bəyan ediblər.

Ermənilər İrəvanda ABŞ səfirliyi qarşısında Vudro Vilson verdiktinin (ABŞ Prezidenti Vudro Vilson tərəfindən 1920-ci ilin noyabrın 22-də imzalanıb) ildönümü ilə bağlı keçirilən “minnətdarlıq mitinqi” zamanı bir sıra qərbyönümlü şüarlar səsləndiriblər. Səsləndirilən şüarlar sırasında “Bizim xilasımız Amerika və birləşmiş Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını alar”, “Ruslar burnundan uzağı görə bilmirlər, Amerika isə 100 il əvvəli proqramlaşdırır” kimi ifadələr yer alıb.

Bununla yanaşı, aksiya iştirakçıları Ermənistanda Vudro Vilsonun abidəsinin qoyulmasını təklif də ediblər. Həmçinin ermənilər bununla kifayətlənməyib və aksiya təşkilatçıları ABŞ Prezidenti Co Baydenə ünvalanan məktubu səfirliyə təqdim ediblər. Onlar məktubda ABŞ-ı Ermənistana “daha aktiv dəstək verməyə” çağırıblar və Rusiya ilə bağlı şikayətlərini qeyd ediblər.

Xatırladaq ki, noyabr ayının əvvəllərində İrəvanda Rusiyaya qarşı digər bir etiraz aksiyası təşkil edilmişdi. Ölkənin Milli Demokrat Partiyası tərəfindən təşkil olunan aksiyada çıxış edənlər Rusiya və Ermənistan arasında heç bir dostluq əlaqələrinin olmadığını bəyan etmişdilər. Bununla yanaşı, burada da etirazçılar Rusiya əleyhinə kəskin şüarlar səsləndirməkdən çəkinməmişdilər.

Ermənistanda siyasi sahədə olduğu kimi, hərbi sahədə də Rusiya əleyhinə açıq-aşkar narazılıq və hörmətsizlik halları özünü biruzə verir. Ölkənin “Hraparak” qəzeti yazır ki, Ermənistanın hərbi dairələri Rusiyaya saymazyana davranış nümayiş etdirirlər. Ermənistandakı 102-ci Rusiya hərbi bazasının komandiri, polkovnik Dmitri Ovçarov Ermənistan ordusundakı qarışıqlıqdan, rus hərbçilərinə hörmətsizlikdən şikayətçidir. Komandir ölkədə rus hərbçilərə qarşı davranışın səbəbini anlamadığını, başqa heç bir yerdə bu cür hadisə ilə üzləşmədiyini bildirir.

“Bu necə ölkədir, mən belə bir şey görməmişəm?! Təhlükəsizlik qüvvələrinin rəisi ilə görüşürəm, 4 gündən sonra onu işdən çıxarırlar. Ya mənə nifrət edirlər, ya da tamamilə çətindir, heç nə başa düşmürəm. Bizim burada onların təhlükəsizliyini təmin edən böyük bazamız var.

Onların isə bizimlə heç bir əlaqəsi yoxdur və bu əlaqəni qurmaq belə istəmirlər. Biz onların üstündə səmada hava şousu təşkil etdik, Ermənistanın müdafiə naziri Suren Papikyanı bu tədbirə xüsusi dəvət etdik, o, gəlmədi və öz nümayəndələrini göndərməyə belə zəhmət çəkmədi.

Bu nədir? Bununla müttəfiqlərimiz nə izah etmək istəyirlər?”, - Rusiya hərbi bazasının komandiri söyləyib.

Göründüyü kimi, Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın dövr ərzində Rusiyanı daim mütəffiqi kimi elan edən Ermənistan və xalqı, artıq bu ölkədən ümidlərini kəsib...

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı