İngiltərənin məşhur qəzeti "Sportinfo"nun yaydığı xəbəri doğruladı

6 Aprel 2021 09:40 Gündəm 1 685
İngiltərənin məşhur qəzeti "Sportinfo"nun yaydığı xəbəri doğruladı

Avropa çempionatını qəbul edəcək bütün 12 şəhər UEFA-nı stadionlara, heç olmasa, kiçik sayda azarkeş buraxacaqlarına dair məlumatlandırıb.

İngiltərənin məşhur mətbu orqanlarından "Daily Mail"in yaydığı məlumata görə, bəzi şəhərlər yerli sanitar məhdudiyyətləri üzündən hələlik stadion tutumunun yalnız 10 faizini tamaşaçılara ayıracaqlarına təminat veriblər.

Lakin bu rəqəm UEFA-nı qane etmir. Fanatların oyunlara buraxılma məsələsinin UEFA-nın 20 aprel Konqresində həllini tapacağı güman edilir.

Təşkilatçılar bu məsələ ilə bağlı qitə futbol qurumuna aprelin 7-dək bilgi verməli idilər.

Əks halda, onlar yarışa ev sahibliyi hüququnu itirmə təhlükəsi ilə üzləşə bilərdilər. UEFA prezidenti Aleksander Çeferin çempionat oyunlarının boş tribunalar önündə keçirilməsinə imkan verməyəcəyini açıqlamışdı.

"Daily Mail"in yazdığı Sportinfo.az-ın dünən yaydığı xəbərin təsdiqidir (https://www.sportinfo.az/idman_xeberleri/gundem/106679.html).

Hazırda Azərbaycanda kütləvi tədbirlərə tamaşaçıların buraxılmasına qoyulan qadağa Avropa çempionatınadək götürüləcək. Məhz bu səbəbdən, AVRO-2020-nin Bakıdakı oyunları məhdud sayda da olsa, azarkeşlə keçiriləcək.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Redaksiyamıza daxil olan yeni məlumata görə, Bakıda keçiriləcək AVRO-2020-nin oyunları ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib.

Baş nazir Əli Əsədovun iştirakıyla düzənlənən toplantıda UEFA-nın qaldırdığı məsələlər geniş müzakirə olunub. Buna əsasən, rəsmi Bakı Avropa futbol qurumu qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirəcəyi dəqiqləşib.

Bura əcnəbi vətəndaşların Azərbaycana səfərinin təşkili, təhlükəsizlik, pandemiya ilə bağlı yeni qaydaların icrası və ona nəzarət, həmçinin digər təşkilati məsələlər daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu