"Yenidən çempion ola bilərəm, 1 günü belə boş buraxmırıq"

13 Oktyabr 2020 15:46 Güləş 479
"Yenidən çempion ola bilərəm, 1 günü belə boş buraxmırıq"

"Namiq Abdullayevin baş məşqçi təyin edilməsi bizim üçün sevindirici hal oldu. O, əfsanəvi idmançılarımızdandır və içimizdən olan biridir.

Məşqlərimiz yüksək səviyyədə davam edir. Namiq müəllim istər taktiki-texniki, istərsə də psixoloji cəhətdən hər gün komanda ilə maraqlanır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov deyib.

28 yaşlı idmançı bildirib ki, Abdullayev komanda üzvlərinin adi problemləri ilə də maraqlanır: "Həmişə çalışır ki, idmançıların hər hansı çətinliyi olmasın. Kənardakı problemlərimizə də diqqət yetirir. İstəyir ki, bütün fikrimiz yalnız məşqdə olsun. Yaxşı nəticələr qazanmağımızı hədəfləyir".

Əsgərov koronavirus pandemiyası ilə əlaqədar zalda deyil, açıq havada məşq etməyin çətin olduğunu vurğulayıb: "Çətin olsa da, bunu edirik.

Demək olar ki, dünyanın əksər ölkələrində eyni durumdur. Biz bir günümüzü belə boş buraxmırıq ki, formamızı itirməyək. Əlimizdən gələni edirik. İnanıram ki, xəstəlik də tezliklə bitər və zallarda məşqlərə başlayarıq".

Təcrübəli güləşçi qarşıdakı yarışlarda və olimpiadada yaxşı nəticələr qazana biləcəyini söyləyib: "İstəyim və məqsədim odur ki, sözlərlə vəd verməyim, hər şeyi əməlimlə göstərim. Hazırda bunun üçün çalışıram və nə lazımdırsa, edəcəyəm. İstədiklərimə yenidən nail olacağam".

Əsgərov "İkinci dəfə olimpiya çempionu olmaq mümkündürmü" sualına belə cavab verib: "Çox çalışsam, hər şeyə nail ola bilərəm. Hətta çempionluq da realdır.

Sadəcə, çalışmaq lazımdır. Açıq havada olsa da, məşqlər normaldır. Bütün dünyada güləş yarışları keçirilmir. Yarış forması isə tamam başqadır. Normal məşrlərə keçəndən sonra hər şey düzələcək".

Toğrul Əsgərov 2012-ci ildə London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, "Rio-2016"da isə gümüş medal əldə edib. 2012-ci ildə Serbiyanın paytaxtı Belqradda Avropa çempionu olan idmançı 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının da qalibidir.

Digər Xəbərlər
Xəbər Lenti