Yığmamızın üzvü: "Ailəmlə bir yerdə olmaqdan yorulmuşam"

15 İyun 2020 11:34 Güləş 620
Yığmamızın üzvü: "Ailəmlə bir yerdə olmaqdan yorulmuşam"

“Məşq etmək, idman həyatına qayıtmaq üçün darıxıram”.

Sportinfo.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Şərif Şərifov (92 kq) deyib.

Dağıstan mətbuatına müsahibə verən Olimpiya, dünya və Avropa çempionu koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə münasibət bildirib. Uzun müddətdir təcrid vəziyyətində yaşadığını bildirən 32 yaşlı güləşçi artıq yüngül qaçışlar etdiyini söyləyib.

O, təlim-məşq üçün darıxdığını etiraf edib: “Əvvəllər uşaqlarla daha çox vaxt keçirmək istəyirdim. Çünki bu qədər evdə olmurdum. İndi bütün günü onlarla bir yerdəyəm.

İki oğlum və bir qızım var. Böyük övladımın 4 yaşındadır. Dəcəl uşaqdır, bir yerdə oturmur. Onlarla bir yerdə olmaqdan bir növ yorulmuşam, məşqə, toplanışa başlamaq üçün çox darıxıram”.

Şərifov Azərbaycandakı vəziyyətin Dağıstandan yaxşı olduğunu deyib: “Azərbaycanda yaşayan komanda yoldaşlarımla daim əlaqədəyəm. Onlar baş verənlər barədə məlumat verirlər. Buna əsasən deyə bilərəm ki, Azərbaycandakı vəziyyət az qala hər ailədə koronavirus aşkarlanan Dağıstandan yaxşıdır.

Orada karantin dövründə ciddi profilaktik tədbirlər görüldü və görünür bunun müsbət təsiri oldu. O ki qaldı mənə, heç bir testdən keçmədim. Bir neçə gün temperaturum oldu və sonra hər şey keçdi. Çox güman ki, adi soyuqdəymə idi”.

Azərbaycanın ən titullu idmançılarından olan pəhləvan zədəsi barədə də məlumat verib. O, çiynindəki zədənin hələ də davam etdiyini vurğulayıb: “Bu zədənin məni çox narahat etdiyini deyə bilmərəm, amma sağalması üçün müəyyən vaxt lazımdır.

Bu zədə ilə ötən ilin sonlarında Moskvadakı turnirdə iştirak etdim. Ondan sonra müalicəni davam etdirdim, Kislovodsk və Mahaçqalada təlim-məşq toplanışına qatıldım. Çiyin zədəsi güləşçi üçün ən arzuolunmaz zədədir.

Zədəli diz və ya topuqla birtəhər məşq etmək olur. Çiynində problem olduqda xalça üzərinə çıxmamalısan. Həkimlər zədəmə baxdılar, hərəsi fərqli fikir bildirdi. Ciddi olmasa da, bu zədəyə əhəmiyyət verməmək olmur. Xoşbəxtlikdən bunu tam sağaltmaq üçün kifayət qədər vaxtım var”.

Digər Xəbərlər
Xəbər Lenti