"Gözləri bunu götürmür, bir çoxunu tanıyıram, əqidəsini satmış insanlardır" - VİDEO

1 İyun 10:10 Güləş 134
"Gözləri bunu götürmür, bir çoxunu tanıyıram, əqidəsini satmış insanlardır" - VİDEO

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, bu dəfə barəsində yazılanlarla bağlı "Real TV"yə müsahibə verib.

-Firdovsi müəllim, idmançılarımızın hazırlıq səviyyələrinin pik həddə olduğu və beynəlxalq yarışlara hazırlaşdığı bir zamanda koronavirus pandemiyası ilə üzləşdik. Hazırda idman aləmində, o cümlədən güləşdə vəziyyət necədir?

-AGF rəhbərliyi müntəzəm olaraq idmançılarla maraqlanır. Vətəndə, həmçinin xarici ölkələrdə olan güləşçilərimizin gigiyenası, qida rasionu, ev şəraitində məşqləri nəzarətdə saxlanılır. AGF rəhbəri Namiq Əliyev indiyə kimi bir neçə dəfə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçlə onlayn formatda əlaqə saxlayıb. Gələn ayın 19-20-də yenə belə müzakirələr aparılacaq. Namiq Əliyevin müəyyən təklifləri var. Yəqin ki, həmin təkliflər də nəzərə alınacaq.

-Dediyiniz tarixdən sonra vəziyyətin düzələcəyinə ümid varmı?

-Əlbəttə, heç kim gözləmirdi ki, Olimpiya Oyunları, futbol üzrə Avropa Çempionatı, lisenziya xarakterli müxtəlif nüfuzlu yarışlar təxirə salınacaq. Hazırda müzakirələr gedir, danışıqlar aparılır. Bu müddət ərzində idmançılar formalarını qorumağa çalışmalı, qayda və tövsiyələrə əməl etməlidirlər. Xaricdə olan idmançılarımız da Azərbaycana gəldikdən sonra test ediləcəklər. Yəqin ki, bütün bunlardan sonra onların yarışlarda iştirakı planlaşdırılacaq.

-Xüsusi karantin rejimi dövründə bizim peşəkar iş fəaliyyətimizlə yanaşı, sosial məsuliyyət tərəfimiz də üzə çıxdı. Bunu nəzərə alsaq, indiki dövrdə idman cameəsi sosial məsuliyyətinin öhdəsindən gələ bilirmi?

-Azəbaycan xalqı daim həmrəy olub. İdmançılar həmişə olduğu kimi indi də ölkəmizin başçısı cənab İlham Əliyevin çağırışına əməl edirlər. Öz növbəmizdə aztəminatlı ailələrə yardım etdik, onların qayğıları ilə maraqlandıq. Əlbəttə, bu, hər bir azərbaycanlının borcudur. Məhz cənab Prezidentimizin qəbul etdiyi rasional, mütərəqqi qərarların, Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın tövsiyə və dəstəyinin, eyni zamanda həmrəyliyimizin nəticəsində pandemiya ölkəmizdə geniş yayılmadı. Bu, ölkəmizin, hökumətimizin növbəti uğurudur. Pandemiyaya qarşı mübarizədə Azərbaycan dünya ölkələri üçün etalon, nümunə oldu. Dünyanın ən iri, aparıcı dövlətləri bu virusla necə davranacaqlarını bilmədikləri halda, möhtərəm Prezidentimizin uzaqgörən və qabaqlayıcı tədbirləri nəticəsində Azərbaycan bu bəladan üzüağ çıxmağı bacardı və bacarır. Pandemiyaya qarşı preventiv qərarlar bu gün də uğurla davam etdirilir. Bütün bunlar ölkə başçımızın öz vətəndaşlarına, vətəndaşlarının sağlamlığına verdiyi dəyərin aydın təzahürüdür. Və bu dəyəri, qiyməti Ümumdünya Səhiyyət Təşkilatı da təsdiqlədi.

-Azərbaycanda uğur qazanan insanlara həmişə çox olmasa da, nailiyyətlərinə kölgə salmaq istəyənlər tapılıb. Güləş idmanımızın ən uğurlu qoludur. Deyəsən, zaman-zaman olduğu kimi, yenə də uğurlara kölgə salmaq istəyən ünsürlər meydana çıxıb...

-Təkcə mənə yox, uğur qazanan hamıya, digər idmançılara qarşı da belə cəhdlər olur. Dövlətə, dövlətçiliyə sadiq olanların aydın fəaliyyətinə kölgə salmaq, onları ləkələmək istəyirlər. Həmin adamlar sözdə azərbaycanlıdırlar. Torpağını, dövlətini, vətənini satan və müəyyən marginallaşmış qrupların “əl”inə işləyənləri azərbaycanlı hesab etmirəm. Əfsuslar olsun ki, ölkəmizdə “5-ci kolon”a xidmət edənlər var. Onlar hər fürsətdə milli qəhrəmanlarımızı, şəhidlərimizi, idmançılarımızı, yəni Azərbaycanın bayrağını dalğalandıran, vətəni üçün canından, qanından keçməyə hazır olan hər kəsə qara yaxmağa cəhdlər göstərirlər. Dəyərli zabitimiz Ramil Səfərov və şəhid qardaşımız Mübariz İbrahimova qarşı da həqarətlər yağdırırlar. Ancaq bu bədnam arzuları ürəklərində qalacaq. Mən hələ yeniyetməlik, gənclik dövrümdən, Qazaxda yaşayandan Ümumilli lider Heydər Əliyevin siyasətini dəstəkləmişəm. Heydər Əliyev hakimiyyətə gəlməsə idi, Azərbaycan məhz bu cür adamlara, satqınlara, xainlərə görə yer üzündən silinə bilərdi. Hökumət indi də öz vətəndaşlarına diqqətlə yanaşır, bütün sahələrə - idman, mədəniyyət, incəsənət, Qarabağ qaziləri, şəhid ailələri, qaçqın və məcburi köçkünlərə qayğı göstərir. Bu diqqət və qayğını möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse -prezident Mehriban xanım Əliyevanın fəaliyyəti fonunda aydın müşahidə etmək olur. Lakin bəzilərinin gözü bunu götürmür. Onların bir çoxunu tanıyıram. Əqidəsini satmış insanlardırlar. Mənə zəng edib, provokasiyaya çəkirlər. Qanunun aliliyinə inandığım üçün belə hallara baş qoşmuram. Onlar gec-tez cəzalanacaqlar. Çünki ölkəmizdə qanun şahdır, şah qanun deyil. Və qanun qarşısında hamımızın boynu incədir. Qarayaxma kampaniyası aparanlar bilməlidirlər ki, biz zəifləmirik, əksinə, güclənir, Prezidentimizin ətrafında daha sıx birləşirik.

- Firdovsi müəllim, eyni zamanda xalqdan kifayət qədər dəstək də gördünüz. Həm şəxsi, həm də federasiyanın qazandığı uğurlar buna zəmin yaratdı. Əgər bu vaxta kimi siz adınıza görə çalışırdınızsa, indi adınız sizin üçün çalışır...

-Mənə dəstək göstərən, maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm. Hətta dünya idman ictimaiyyətinin nümayəndələri də mənimlə əlaqə saxladılar, narahatlıqlarını bildirdilər. Bu, bizim güclü olduğumuzu göstərən növbəti faktdır. Necə deyərlər, güc birlikdədir. Ləkə bizə yapışmaz. Dezinformasiya yayırlar ki, Firdovsinin adına cinayət işi açılıb. Mən olmayım, kim olursa olsun, əgər günahkar varsa, cəza çəkməlidir. Dövlət başçısı da dəfələrlə bildirib ki, tutduğu vəzifədən, şəxsi əlaqələrdən asılı olmayaraq heç kəsin qanun pozuntusuna qarşı immuniteti yoxdur. Yəni heç bir günahkar cəzasız qalmır...

-Belələrinə qarşı humanizm limiti də artıq tükənib...

-Bilirsiz, biz sakit durduqca, mədəniyyət nümunəsi göstərdikcə qorxduğumuzu düşünürlər. Necə deyərlər, mədəni adam mədəniyyətinə qısılıb, sakit durduqca mədəniyyətsiz elə düşünür ki, ondan qorxdular. Belə olan halda ayaqları yer alır. Mən idmançı olmaqla yanaşı, həm də zabitəm. Bütün varlığımla dövlətimə bağlıyam. Emosiyalarımı qorumağı bacarıram. Dəfələrlə demişəm, kimə lazımdırsa, güləş zalına gəlsin, ona hər şeyi başa salım. Həmin adama heç təcili tibbi yardım da kömək edə bilməz. Bu cür təxribatlar, sosial şəbəkələrdəki qarayaxmalar isə mənasızdır. Yeri gəlmişkən, mənə dəstək olan digər insanlar kimi, peşə prinsiplərinə tam əməl edən jurnalistlərə də öz təşəkkürümü bildirirəm. Biz gücü xalqdan alırıq. Mən çox sevinirəm ki, bizim güclü xalqımız, millətimiz var.

-Bəlkə, sosial şəbəkələrdə “qarışqadan fil düzəldən”lərə qarşı artıq immunitet formalaşmalıdır?

-Belə hadisələr həmişə olub. Məsələn, bir neçə il əvvəl heç birimizin tanımadığımız bir adamı milli yığma komandanın üzvü kimi internet televiziyaların birində efirə çıxarmışdılar. O da ünvanımıza qeyri-obyektiv sözlər işlətmişdi. Sonradan bunun sifariş olduğunu etiraf etdi və üzür istədi. Bütün bunlar mənim hansısa yersiz hərəkət edərək, bizi istəməyənlərin əlinə fürsət verməyimə hesablanıb. Amma bu, olmayacaq. Əgər bu yerə, bu ali səviyyəyə gəlib çıxmışamsa, deməli, emosiyalarımı idarə etməyi bacarıram. Hətta elə məqamlar olub ki, ailəmə, atama şər-böhtan atmağa çalışıblar. Əlbəttə, vəkillərimiz var, qarayaxmanın üzərində işləyirlər. Hüquq- mühafizə orqanlarından, vəkillərdən həmin insanlarla ciddi məşğul olmalarını, onları üzə çıxarmalarını xahiş edirəm. Biz milli yığma komandanın tərkibində neçə-neçə gəncə yol göstəririk, vətənpərvərlik ruhu təlqin edirik. Öz dərrakəmiz, öz ağlımız var. Bu səbəbdən də heç bir halda artıq hərəkətə yol vermərik. Əsas məsələ odur ki, həmin diletanları tanıyıram və hansı əqidəyə xidmət etdiklərini bilirəm.

-İndi birlik, həmrəylik də əsas şərtdir.

-Əlbəttə. Dövlət bizə-idmançılara dəstək olduğu kimi, biz də həmişə hökumətimizin yanında olmalıyıq. Bu gün Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınmasında birliyimiz müstəsna rol oynayır. Biz dövlətin yanında olmalı, “5-ci kolon”a qarşı birlikdə mübarizə aparmalıyıq. Özü də bu mübarizə daha real olmalıdır. Əks halda anti-təbliğat aparanlar özlərini haqlı hesab edirlər. Birbaşa mənim adıma ləkə yaxa bilmədiklərini görəndə hansısa qohumların, yaxınların adından istifadə edirlər. Unutmaq olmaz ki, ata heç öz oğlunun cinayətinə görə məsuliyyət daşımır. Deməli, hərə öz əməlinin cavabını verməlidir. Birincisi, dövlət başçısının çağırışlarına qulaq asmaq lazımdır. Səhv yol, mövqe tutmaq olmaz. İkincisi də, əgər cinayət törətmisənsə və bu aşkarlanıbsa, mütləq cavabını verməlisən. İnsanlarımızı birliyə, həmrəyliyə çağırıram. Bir nəfər tanınmış, uğurlu şəxs haqqında işlədilən qeyri-obyektiv sözü hamı özünə deyilmiş kimi qəbul etməlidir. Burdan məni provokasiyaya çəkənlərə səslənirəm: "Qanun qarşısında cavab verəcəksiniz!


Digər Xəbərlər
Xəbər Lenti
1 İyul 17:38 "Barselona"ya qayıdır
1 İyul 16:14 Rəşad "Sabah"dan getdi