Yığmamızın tanınan adamı: "Dedilər ki, mən ekstrasensəm”

29 Aprel 2020 12:44 Güləş 523
Yığmamızın tanınan adamı: "Dedilər ki, mən ekstrasensəm”

Koronavirus pandemiyası bütün dünyada idmançıların hazırlıq prosesinə ciddi zərbə vurub və onları ev şəraitində formalarını saxlamağa məcbur edib.

Lakin yunan-Roma güləşi üzrə məşhur Azərbaycan güləşçisi, Olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Çunayev özünütəcrid dövründən təkcə doğma divarlar arasında məşq etməklə deyil, həm də xarici dili mənimsəməklə səmərəli istifadə edir.

Sportinfo.az xəbər verir ki, Sputnik Azərbaycan-la müsahibədə idmançı karantində necə yaşadığından danışıb.

- Özünütəcrid rejimində vaxtınızı necə keçirirsiniz?

- Əsasən, qardaşlarımla oynayıram, gündə bir dəfə məşq edirəm. Yenicə ingilis dilini öyrənməyə başlamışam və bu işdə mənə dostum müəllimlik edir. O, mənə dili online öyrədir. Mənə ev tapşırığı verir, sözləri öyrənirəm. Evdə turnikim, qantellərim var, onların köməyilə formamı saxlamağa çalışıram. Bundan əlavə, mənim fitnes salonum var, ora gedirəm və təklikdə məşq edirəm.

- Yəqin ki, təklikdə məşqə adət etməmisiz?

- Əksinə, mən fərdi işləməyə öyrəşmişəm. Üç-beş saat məşğul oluram - qulaqcıqları taxıram və "ləzginka"nı dinləyirəm. Sanki qırx nəfərin əhatəsindəyəm. Güzgüdə özümə baxıram və məşq edirəm.

- Həmişə "Ləzginka" ilə məşq edirsiniz?

- Mən həmişə ona qulaq asıram: sükan arxasında olanda da, qaçanda da, yeriyəndə də. O, mənə tonus və güc verir.

- Instagram videolarından birində də əsas məşqdən əvvəl isinmə hərəkətləri zamanı “Ləzginka”dan istifadə etdiyiniz görünür...

- Həqiqətən də, bu rəqs nəinki isinmə hərəkətləri zamanı kömək edir, həm də mahiyyət etibarilə özü bir məşqdir. Çünki onun sədaları altında çoxlu enerji sərf edir, həmçinin çox sayda kəskin hərəkətlər edirsən.

- Amma bəzi idmançılar özlərini təcrid etmək üçün kompüter oyunları ilə maraqlanmağa başlayıblar...

- Yox, mən kompüter oyunları oynamıram. Məndə hətta televizora baxmağa artıq vaxt yoxdur.

Düzgün qidalanma və tibb haqqında çox şey oxumuşam, baxmayaraq ki, bu barədə çox şey bilirəm, amma həmişə özüm üçün yeni nəsə öyrənirəm. Həmçinin bu il Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilimi bitirirəm, qarşıda diplomun müdafiəsi durur. Bundan başqa, qonşulara və ehtiyacı olan insanlara kömək etməyə çalışıram.

- Məhz necə?

- Mən belə reklamı sevmirəm, bunu şəxsən özüm və kömək etdiyim insanlar üçün edirəm. Ətrafdakıların bunu reklam üçün etdiyimi düşünməsini istəmirəm.

- Siz Instagramda kifayət qədər fəalsız...

- Bəli, Instagram, başkiloqram (gülür).

- Bir müddət əvvəl siz onu atdınız, amma yenidən qayıtdınız. Nə oldu?

- Yarışlara hazırlaşanda məşqlərə tam diqqət yetirirəm, başqa şeylərə vaxt sərf etməyi xoşlamıram. Buna görə də ciddi başlanğıclardan əvvəl nə Instagram, nə də WhatsАpp-a heç bir diqqət yönəltmirəm. Yalnız məşqlərdən sonra dostlarımla danışa bilərəm. İnternetdən asılı olmağı xoşlamıram, çünki o, həyatımdakı əsas şey deyil. Şəbəkəyə yalnız boş vaxtlarımda girirəm.

- Instagram-da çox vaxt tanınmış xarici idmançılarla birgə məşqlərinizi görmək mümkündür. Onlardan hansıyla daha çox ünsiyyətdə olursunuz?

- Mən bir çox titullu idmançılarla ünsiyyətdə oluram. Onların əksəriyyəti Dağıstandan və Rusiyanın qalan hissəsindən, eləcə də Almaniyadan, ABŞ-dan, İsveçdən, Qazaxıstandandır. Mənim hər yerdə yaxşı dostlarım var, onlarla münasibət saxlayıram.

- Tokio Olimpiya Oyunlarının gələn ilə keçirilməsindən xəbər tutanda reaksiyanız necə oldu?

- Olimpiadanın başqa vaxta keçirilməsi mənim üçün gözlənilməz hadisə deyildi. Mən vaxtın dəyişdirilməsindən xeyli əvvəl hamıya - federasiyada, məşqçilərə demişdim ki, bu il oyunlar baş tutmayacaq. Və Oyunların gələn ilə keçirildiyi məlum olduqda, hamı mənim ekstrasens olduğumu deməyə başladı.

Biz lisenziya turniri üçün Budapeştə getməli idik, lakin səfərdən bir həftə əvvəl bu yarışlar ləğv edildi. Bir çoxları o vaxt güclü hazırlaşırdılar, çəki atırdılar, mən isə artıq kiloqramları atmağa tələsmirdim və axırda məlum oldu ki, yaxşı ki bunu etməmişəm. Sonra Olimpiadanın vaxtının dəyişdiriləcəyini dedim, mən bunu hiss etmişdim, amma mənə inanmırdılar.

Çünki əgər bu il Olimpiada öz vaxtında baş tutmazsa, onda növbəti Oyunlara hazırlaşmağa xeyli vaxtımız olacaq. Belə olan təqdirdə, növbəti Olimpiada Rio Oyunlarından beş il sonra keçiriləcək, əlbəttə, əgər gələn il də vaxt dəyişdirilməsə. Məndə belə bir hiss var ki, Olimpiada 2021-ci ildə də baş tutmaya bilər. Ümumiyyətlə, hər şey yaxşılığa doğrudur. Mən Allaha inanıram, o, mənə çoxlu qələbələr qazanmağa kömək edib. İndi bütün dünyada vəziyyəti belədir, mən buna normal yanaşıram. Heç olmasa, Olimpiadadan sonra diqqət yetirmək istədiyim işlərlə məşğul olmağa vaxt yaranıb.

- Daha hansı hallarda bu və ya digər hadisələri qabaqcadan görmüsüz?

- Məndə uşaqlıqdan belə hallar çox olub. Həmişə qabaqcadan nə hiss etmişəmsə, o da baş verib.

- Vacib turnirlərdən əvvəl sizdə belə hisslər yaranır?

- Belə də olur. Məsələn, 2015-ci ildə Las-Veqasda keçirilən Dünya Çempionatından əvvəl mən tam əmin idim ki, qələbə qazanacağam. Mundialın başlamasından bir neçə gün əvvəl anama zəng edərək dünya çempionu olduğumu söylədim. O, mənə cavab verdi ki, "axı sən hələ yarışmamısan". Mən də dedim, uduzacağımdan sadəcə söhbət belə gedə bilməz, yəni turniri qazanacağımı hiss etmişdim. Nəticədə bütün rəqibləriminə 10-12 xal fərqi ilə qalib gəldim və dünya çempionu oldum.

- İndi ümid edək ki, Tokio Olimpiadası öncəsi də sizə belə hislər hakim olsun…

- İnşallah. Ən başlıcası Olimpiadaya hazır olmaqdır. Əgər bir çox insan qazanmağını istəyirsə və özün də buna inanırsansa, bu, baş verir.

- Necə düşünürsünüz, bu il siz yarışlarda mübarizə apara biləcəksiz?

-Bu il hansısa yarışın keçiriləcəyini düşünmürəm. Hələlik bizdə karantindir, hər şeyin sakitləşməsini və yeni bir təqvimin meydana gəlməsini gözləmək lazımdır. Düşünürəm ki, bütün bunlar ən azı ilin sonuna qədər davam edəcək. Koronavirusun bütün ölkələrdə eyni vaxtda yoxa çıxacağı real deyil. Mənə elə gəlir ki, bu virusdan sonra çox şey dəyişəcək.

Digər Xəbərlər
Xəbər Lenti