Güləş yığmamız AVRO-2020-də 2-ci oldu - SON GÜNDƏ DAHA 2 MEDAL

17 Fevral 2020 09:42 Güləş 801
Güləş yığmamız AVRO-2020-də 2-ci oldu - SON GÜNDƏ DAHA 2 MEDAL

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatı başa çatıb.

Yarışın sonuncu günündə sərbəst güləşçilər qalan 5 çəki dərəcəsində medalçıları müəyyənləşdiriblər. Sportinfo.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvləri finala yüksələ bilmədiyindən üçüncü yer uğrunda mübarizə aparıblar.

Onlardan 61 kq çəki dərəcəsində güləşən millimizin gənc pəhləvanı İntiqam Vəlizadə bürünc medal uğrunda qarşılaşmada rumıniyalı Nikolay Oxlopkova 1:3 hesabı ilə uduzaraq AVRO-2020-ni mükafatsız başa vurub.

Eyni aqibəti daha 2 sərbəst güləşçimiz - 74 kq çəkidə Hacımurdad Hacıyev və 86 kq çəkidə çıxış edən Abubakr Abakarov da yaşayıb. Abakarovun bolqar pəhləvanı Axmed Maqamayevlə 3-cü yer uğrunda qarşılaşması bərabərliklə bitsə də (4:4), hakimlər qələbəni güləşçimizin rəqibinə verib.

Hacımurad Hacıyevin isə qolu sındığından bürünc medal uğrunda görüşə çıxa bilməyib. Milli komandamızın aktivinə son medalları Aslanbek Alborov (92 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yazdırıb. Alborov gürcüstanlı İrakli Mtsituri üzərində 2:0 hesablı qələbə qazanmaqla Avropa 3-cüsü olub.

Cəmaləddin Məhəmmədov isə bürünc medal uğrunda dueldə Ermənistan təmsilçisi Levan Berianidzeni məğlub edib. Bir gün öncə Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənovun (79 kq) bürünc medal qazandığını da xatırladaq.

Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyini 5 medalla (1 gümüş, 4 bürünc) başa vurub. Ümumilikdə Avropa çempionatına 28 güləşçi ilə yollanan Azərbaycan millisi 13 medal qazanıb: 2 qızıl, 2 gümüş və 9 bürünc.

Yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb. Qadınlardan ibarət millimizin heyətində Elis Manolova (65 kq) 2-ci, Tatyana Omelçenko (62 kq) 3-cü yeri tutub.

Sərbəst güləş üzrə millimiz Avropa çempionatında komanda hesabında ikinci yeri tutub. Yunan-Roma güləşi üzrə yığmamız da 2 qızıl, 4 bürünc medalla Avropada 2-ci olub. Bir gümüş və bir bürünc medal qazanan qadınlardan ibarət yığmamız isə AVRO-2020-ni 7-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti