Şamaxıda çempionu öldürən idman müəllimi həbs edildi

4 Fevral 2020 00:24 Güləş 1 022
Şamaxıda çempionu öldürən idman müəllimi həbs edildi

Şamaxı Rayon Məhkəməsində Avropa çempionunu öldürməkdə təqsirləndirilən Orxan Hacıyev barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Sportinfo.az xəbər verir ki, prosesdə O.Hacıyev barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.

Məhkəmədə O.Hacıyev törətdiyi əməli etiraf edib. Hadisə fevralın 1-də gecə saatlarında şəhərin “Yeddi Günbəz” qəbiristanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü O.Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış R.Surxayev orada ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, O. Hacıyev şübhəli şəxs qismində saxlanılıb.

O.Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixində Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub.

Orxan Şamaxıda idman müəllimi işləyir. Ölən R.Surxayev isə sərbəst güləş üzrə yeniyetmə və gənclər arasında Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti