Gənclər və İdman İdarəsi yığma üzvünə qayğı göstərmir

2 Fevral 2020 16:22 Güləş 1 796
Gənclər və İdman İdarəsi yığma üzvünə qayğı göstərmir

"Son 10 ildə Şirvan şəhərində belə yüksək nəticələr verən istedadlı idmançı olmayıb. Lakin xüsusən rayonun Gənclər və İdman İdarəsi, şəhər rəhbərliyi bu uşaqla qətiyyən maraqlanmır, qayğı göstərmir. Halbuki ölkə başçısı cənab İlham Əliyev daim idmana və idmançılara diqqət göstərir".

Bu sözləri Sportinfo.az saytına müraciətində 2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanmış 6 qat Azərbaycan çempionu, ötən il Xorvatiyanın paytaxtı Zaqrebdə dünya üçüncüsü olmuş sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığmamızın üzvü Əbülfəz Nəsirovun (55 kq) əmisi Bakıxan Nəsirov deyib.

10 ildir Əbülfəzi himayəsində saxlayan Bakıxan bəy bu cür istedadlı uşağın diqqətdən kənar qalmasına, 17 yaşlı pəhləvanın çətin durumda yaşamasına görə çox narahat olduğunu deyib: "Əbülfəzin atası çoxdan rəhmətə gedib, ona mən baxıram. Rayonda kiçik ticarətlə məşğul oluram, onun sağlam yaşaması, idmandakı uğurlarını çoxaltması, Azərbaycana, Azərbaycan idmanına xeyir verməsi üçün bacardığımı edirəm. Ancaq normal yaşamaq, belə bir idmançını saxlamaq üçün tələb olunan xərclər mənim imkanlarım xaricindədir.

Bilirsiz ki, bir idmançını daimi rejimdə, normada saxlamaq üçün xeyli maliyyə vəsaiti tələb olunur. Doğrudur, Gənclər və İdman nazirliyi, həmçinin Milli Olimpiya Komitəsi Əbülfəzə maliyyə yardımı edir. Amma onun aldığı 300 manat Bakıda yaşadığı evin kirayə pulunu ödəmir heç. 10 ildir Şirvanı Azərbaycanda, Azərbaycanı isə dünyada, beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edən belə uşaqları itirmək olmaz.

Dəfələrlə Şirvan şəhər Gənclər və İdman idarəsinin müdiri Azər Quliyevə müraciət etmişəm, heç bir köməklik göstərməyib. Şəhər icra hakimiyyətinin başçısının qəbuluna belə, düşə bilmirəm. Ona görə sizdən xahiş edirəm ki, müraciətimi aidiyyatı üzrə dövlət dairələrinə çatdırasız. Mənim başqa bir istəyim yoxdur. Əbülfəz yığma komandanın üzvüdür, ona görə rayonda yaşaması alınmır, Bakıda kirayədə qalırlar. Orada yaşamaq isə ailəyə çox baha başa gəlir, məsrəfləri ödəməyə gücümüz çatmır. Bu ailənin başqa yerdən bir gəliri yoxdur. İnanıram ki, cənab prezident İlham Əliyevin idmana, idmançılara maksimum dəstək olduğu bu zamanda Əbülfəz diqqətdən kənarda qalmayacaq".

Qeyd edək ki, Əbülfəz Nəsirov "Neftçi" İdman Klubunun üzvüdür. Millimizin güləşçisinə "Neftçi"dən deyilib ki, bu aydan ona kömək edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti