Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan gələcəklər

13 Yanvar 2020 23:00 Güləş 1 092
Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan gələcəklər

Yanvarın 15-də sərbəst güləş üzrə 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil ediləcək yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər mübarizə aparacaqlar.

23-cü dəfə keçiriləcək ənənəvi turnirdə Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistan idmançıları da iştirak edəcəklər.

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə reallaşacaq Memorialın keçirilməsində məqsəd Müşviq İsayevin xatirəsini yad etməklə yanaşı, yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyə nail olmaq, ölkədə güləşin bu növü üzrə perspektivli idmançıları aşkar etməkdən ibarətdir.

45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da baş tutacaq mübarizənin yekununda fəxri kürsüyə qalxan güləşçilər medal, diplom və kuboklarla yanaşı, pul mükafatı ilə təltif olunacaq. Yarışın açılış mərasimi saat 16:30-da başlayacaq.

Qeyd edək ki, sabah Bakı İdman Sarayında hakimlərin və məşqçilərin seminarı baş tutacaq. Bundan sonra isə püşkatma mərasimi keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti