Güləş Azərbaycan üçün təkcə idman növü deyil, həm də ölkənin milli kimliyinin, xarakterinin, mədəniyyətinin bir parçasıdır.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev deyib.
Baş katib "Sülh naminə güləş" təşkilatı və AGF arasında imzalanan memorandumun əhəmiyyətindən danışıb:
"Beynəlxalq arenalarda, tədbirlərdə olarkən Azərbaycanda güləşin uğurlu olması ilə bağlı çox suallar verilir. Bəlkə də, hər birimiz peşəkar güləşçi olmasaq da, güləş fəndlərini yaxından tanıyırıq. Güləş Azərbaycan üçün təkcə idman növü deyil, həm də milli kimliyimizin, xarakterimizin, mədəniyyətimizin bir parçasıdır. Den Rassellə görüşən zaman bu layihənin parçası olmaq istədik. Çünki burada sülh var. Sülhə, dostluğa, peşəkarlığa xidmət edən bütün layihələrdə iştirak etməkdən qürur duyuruq".
P. Piriyev Azərbaycanın qlobal arenada güləşin flaqmanı olmasını hədəflədiklərini vurğulayıb:
"Əhalinin sayı çox olmasa da, Azərbaycan güləş ölkəsidir. Qlobal arenada güləşin flaqmanı olmaq kimi hədəfimiz var. Buna görə də bütün faydalı və yeni təşəbbüslərin bir parçası olmağa çalışırıq. Reallaşdırılan layihələrin əsas yanaşması ondan ibarətdir ki, federasiya bunu fəaliyyətinin bütün sahələrində nəzərə alır. İmzalanan memorandumun dəyərləri, vizyonu və yanaşması atılan hər bir addımda tətbiq olunacaq. Ölkəsindən asılı olmayaraq, sosial yardıma ehtiyacı olan, dəstəyə və ilham almağa həvəs göstərən bütün qrupları əhatə etməyi nəzərdə tuturuq".
U-17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək.

