Azərbaycanlı pəhləvanlar 2021-ci ildə nə ilə yadda qaldı?

31 Dekabr 2021 01:10 Güləş 415
Azərbaycanlı pəhləvanlar 2021-ci ildə nə ilə yadda qaldı?

Sportinfo.az xəbər verir ki, 2021-ci il geridə qalmaq üzrədir. Pandemiya ilə əlaqədar yarış baxımından kasad olan 2020-ci ildən fərqli, bu il kifayət qədər intensiv olub.

Dünya və Avropa çempionatları əvvəlki qaydada keçirilib.

Ən əsası, bütün çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, Tokio Olimpiadası baş tutub.

Bəs güləşçilərimiz 2021-də hansı uğurlara imza atıb?

İlin əsas yarışı olan Olimpiya Oyunlarında qazancımız bir gümüş və iki bürünc medal olub. Yaponiyada Hacı Əliyev (65 kq) ikinci, Rafiq Hüseynovla Mariya Stadnik isə üçüncü yeri tutdu.

Dünya çempionatlarında ümumilikdə 31 (5 qızıl, 6 gümüş, 20 bürünc), Avropa çempionatlarında isə 39 (11 qızıl, 12 gümüş, 16 bürünc) medal əldə edib.

Bundan başqa, Kazanda keçirilən ilk MDB Oyunlarında güləşçilərimiz 16 dəfə bayrağımızı yüksəyə qaldırıb. İdmanın bu növündə 6 qızıl, 4 gümüş, 6 bürünc medal qazanılıb. Güləş başqa çoxşaxəli yarışlarda olduğu kimi, MDB Oyunlarında da ölkəmizin hesabına ən çox medal gətirən medal növü olub.

Güləşçilərimiz ümumilikdə 2021-ci ildə nüfuzlu yarışlarda 89 (22 qızıl, 23 gümüş, 44 bürünc) medal qazanıb. Bütün beynəlxalq turnirlər nəzərə alınmaqla qazancımız 143 medal olub ki, bunların da 35-i qızıl, 42-si gümüş, 66-sı isə bürüncdür.

Komanda şəklində qazanılan uğurlar da az olmayıb.

Makedoniyada keçirilən U-23 Avropa çempionatında sərbəst güləş üzrə millimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medalla 140 xal toplayaraq 3-cü yeri tutub.

Güləşin bu növündə Almaniyada təşkil olunan gənclərin analoji yarışında da komandamız ilk “3-lüy”ü qapayıb. Bu dəfə millimiz 3 qızıl, 1 gümüş medalla 119 xal əldə edib.

Gənc yunan-Roma güləşçilərimiz isə Rusiyada baş tutan dünya çempionatında eyni uğura imza atıb. “Klassiklər” 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 101 xal toplayaraq 3-cü yeri tutub. Norveçdə keçirilən böyüklərin mundialında yunan-Roma güləşi üzrə millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal yığaraq dünya 3-cüsü olub.

Yeri gəlmişkən, Oslodakı nəticələrə əsasən, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komandalarımız gələn il keçiriləcək Dünya Kubokunda iştirak hüququ qazanıb.

Komanda nəticələrindən danışırıqsa, Bolqarıstanın Samokov şəhərində qazanılan tarixi uğuru xüsusilə qeyd etməliyik. Belə ki, yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət millimiz 4 qızıl və 3 bürünc medalla 153 xal toplayıb.

Beləliklə, Azərbaycan güləş tarixində ilk dəfə bu yaş qrupu üzrə klassik güləşdə komanda hesabında Avropa çempionu olduq.

Digər Xəbərlər
Xəbər Lenti