"Müharibədən sonra yığmada xoşagəlməz vəziyyət yaranıb.
Artur Aleksanyan və digərləri düşmənçiliyə görə xalçadan kənarlaşdırılsalar, biz məğlub olacağıq".
Sportinfo.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi, olimpiya çempionu Artur Aleksanyanın atası və şəxsi məşqçisi Gevorq Aleksanyan "news.am" nəşrinə açıqlamasında 12 - 18 dekabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək fərdi dünya çempionatına hazırlıq barədə danışarkən deyib.
Mütəxəssis bildirib ki, 44 günlük döyüşlərdən sonra dərhal məşqləri bərpa etmək, idmançıları hazırlaşdırmaq və komandanı toparlamaq qeyri-mümkün idi:
"Müharibədən sonra yığmada gərgin psixoloji vəziyyət yaranıb. Təlim-məşq toplanışının ilk günlərində onların gözlərinə baxdım. Sanki burada olmadıqlarını gördüm.
İdmançılarda narahatlıq var idi. Hətta indi də düşüncələri başqa yerdədir. Düzdür, hardasa bu mərhələni keçə bildik. Amma müharibə hamımızın həyatında iz qoydu. Ağır günlərimiz oldu".

