Duyo futzal üzrə Azərbaycan yığmasının şərəfini qorumaqdan imtina etməsinə peşmandı. Sportinfo.az-ın məlumatına görə, hazırda Albaniyanın formasını geyinən braziliyalını həyat yoldaşı "yoldan çıxarıb. Məhz xanımı onun millimizi seçməsinə mane olub.
Komandamızın baş məşqçisi Biro Jade bildirib ki, Duyo çox yaxşı oyunçudu: "Biz onu cəlb etmək istəyirdik. Ancaq həyat yoldaşı istəmədi gəlmək. Oyundan əvvəl "feysbuk"da mənə pasportunu göstərdi ki, Albaniya millisindəyəm və sizə qarşı oynayacam. Onları udduğumuz oyundan sonra yaxınlaşıb dedi ki, mən səhv etmişəm, gərək sizi seçərdim".
Braziliyalı mütəxəssisin fikrincə, azərbaycanlılar futbol oynamağı bacarır: "Mən gələcəyə çox inanıram. Düşünürəm ki, hələ nəsə çatışmır, ancaq inanıram ki, gənc oyunçularla işləsək, güclü futbolçular yetişəcək. Azərbaycanlılar texniki oyuna üstünlük verirlər. Mən Ukrayna, Rusiya, Qazaxıstan və Azərbaycanda oynamışam, düşünürəm ki, sizin oyunçuları texnikaya görə ukraynalılarla müqayisə etmək olar".

