Azərbaycan milli futzal komandası Avropa çempionatının əsas seçmə mərhələsinin qrup turnirinə dünən start verdi. AÇ-2018-in seçmə mərhələsinin B qrupunun bütün oyunları Bakıda keçirilir. İlk rəqibimiz Bosniya və Herseqovina oldu və Avropada ən güclülərdən hesab olunan komandamız çətin qələbə qazandı. 9 qolun vurulduğu qarşılaşmada Bolinya het-trik etdisə, Everton Kardozo və Eduardo hərəyə bir dəfə fərqləndi. Qrupdakı digər oyunda isə Macarıstan Albaniya ilə üz-üzə gədi və 4:3 hesablı qələbəyə sevindi.
Doğma divarlar arasında oynayan komandamızın istər ev üstünlüyü, istərsə də rəqiblərlə nisbətdə gücü və qüvvəsi elə bu yarışdan ən yüksək nəticəyə inanmağa əsas verir. Həm də Biru Jadenin baş məşqçi kimi ilk sınağında uğur qazanmağa ehtiyacı daha çoxdu. Axı qarşıda duran əsas vəziə də bundan asılı olacaq: qrupun qalibi birbaşa gələn il Sloveniyada təşkil olunacaq final mərhələsinin (30 yanvar-10 fevral, Lüblyana) iştirakçısına çevriləcək.
Əks təqdirdə, ümiddən üzülməmək üçün ya ikinci yeri tutub, ya da 7 qrupun üçüncüləri arasında ən yaxşısı olaraq seçmə pley-offa (10-13 və 24-27 sentyabr) vəsiqə almaq lazım gələcək. "Əgər sabah da bugünkü kimi səhvlər etsək, məğlubiyyət qaçılmaz olacaq. Hesab 4:2 olanda gərək əlimizə düşən imkanlardan yararlanardıq” – Jade dünənki startı bu cür qiymətləndirdi və "bizim ən yaxşı oyunlarımız qarşıdadı" dedi.
Sitat: "Bu gün əsas hədəf qələbə qazanmaq idi. Birinci oyunda qələbə çox vacibdi. Qol buraxdıq, bəli, ancaq əsas məsələnin öhdəsindən gəldik. Sabah da oyunumuz var. Mən düşünürəm ki, növbəti turda bugünkü kimi qollar buraxmayacağıq. Bu gün səhvlərin üzərində işləyə bilməyəcəyik. Artıq təəssüflənmək üçün vaxtımız yoxdu. Sabahkı oyun üçün hazırlaşmalıyıq".
Bakı İdman Sarayının qəbul etdiyi turnirin son 2 oyun günün təqvimi belədi:
9 aprel: Bosniya və Herseqovina – Macarıstan, Azərbaycan - Albaniya;
11 aprel: Albaniya - Bosniya və Herseqovina, Macarıstan – Azərbaycan.
SPORTİNFO.AZ

