"Tam əminəm ki, qrupdan birinci yerlə çıxacağıq" - YIĞMAMIZIN ÜZVÜ

23 Oktyabr 2019 23:05 Futzal 612
"Tam əminəm ki, qrupdan birinci yerlə çıxacağıq" - YIĞMAMIZIN ÜZVÜ

Futzal üzrə milli komandamızın üzvü Xətai Bağırov DÇ-2020-nin əsas mərhələsinin Moldova ilə oyunundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Hamı millimizdən fərqli oyun gözləyirdi. Amma bu gün çətinliklə qələbə qazandınız. Xüsusilə ilk hissədə oyununuz alınmadı...

- Birinci oyun hər zaman çətin olur. Yeni oyunçuların olması da təsirini göstərdi. Rəqib bizi yaxşı tanıyır. İndiyə qədər onlarla çox qarşılaşmışıq. Oyunlarımızı izləyirlər, bizi yaxşı analiz etmişdilər. Çətin oyun olduğunu fikirləşmirəm. Bütün görüş ərzində qapımıza 3-4 zərbə vurdular. Onlardan biri də mənə dəyib istiqamətini dəyişdi və qol oldu. Bundan artıq heç nə olmadı. Son dəqiqələrdə 5 nəfərlə oynayanda 1-2 fürsət yaxaladılar. Onlardan birində də Edu top boş qapıdan çıxardı. Yəni, elə ciddi hücumları olmadı.

- İkinci hissədə meydanda daha fərqli və aqressiv komanda gördük. Fasilədə nə dəyişdi ki, oyununuz belə yaxşı alındı?

- İlk hissədə başqa taktika ilə oynadıq. Yeni oyunçular var. Gördük ki, alınmır, ikinci yarıda taktikanı dəyişdik. Məşqdə bunların üzərində işləyirik. 2-3 pressinq üsulumuz var. Dəyişiklikdən sonra oyunumuz yaxşı alındı.

- Qol gecikdikcə, komandada narahatlıq artırdımı?

- Yox. Çünki qalib gələcəyimizə inanırdıq. Neçə vaxtdır hazırlaşırıq. Düzdür, qol vurmadıqca, əsəbləşrdik. Amma həyəcan yox idi. Heç nədən bizə qol vurdular. Bununla belə, ilk hissədə bizim 3-4 real şansımız oldu.

- Qrupda sabah Monteneqro, birigün isə Slovakiya ilə oynayacaqsız. Səncə, ilk pilləni tutmaq mümkündürmü?

- Əlbəttə, buna şübhəm yoxdur. Tam əminəm ki, qrupdan birinci yerlə çıxacağıq. Komandamıza inanıram. Düzdür, növbəti oyunların gedişatından çox şey asılı olacaq. Əsas birinci qarşılaşma idi. Doğma azarkeşlərimiz önündə oynadığımızdan üzərimizdə təzyiq var idi. Əsas oyunu geridə qoyduq. Sabah ikinci matçımızı keçirəcəyik. Monteneqro 0:5 uduzdu. Düşünürəm ki, bizim üçün top fərqi elə də önəmli deyil. Hər üçü rəqibi uda biləcək gücdəyik.

- Əvvəl millidə braziliyalılar daha çox idi. Sanki o komanda daha güclü idi...

- Müqayisə aparmaq istəmirəm. Çünki futzal çox dəyişib. Hər bir komandada səviyyə qalxıb. Bundan əvvəl millidə oynayan futbolçular olsaydı, bəlkə uduzardıq.

- İndi isə yığmada iranlılar da var. Şəxsi fikrimdir ki, komandaya o qədər də xeyirləri dəymir. Sən necə düşünürsən?

- Kiminsə haqqına girmək istəmirəm. Neçə vaxtdır bir yerdə məşq edirik. Hərənin öz fikri var. Məncə, bu gün komandaya kömək etdilər, sağ olsunlar. Onlar da bizim kimi Azərbaycan bayrağı altında oynayır. Bir az dil problemi olur. Onu da aradan qaldırırıq.

- Komanda daxilində ümumi dil hansıdır?

- Ancaq rus dilində danışırıq. Amma iranlıların ikisi Azərbaycan dilində çox yaxşı bilirlər. Bizim sözlərimizi həmyerlilərinə də onlar tərcümə edir. Yəni, dil tapırıq.

Xəbər Lenti