DÇ-yə yollardan biri Bakıdan keçir, amma… GİZLİ ÇƏKİŞMƏ

22 Oktyabr 2019 12:20 Futzal 1 104
DÇ-yə yollardan biri Bakıdan keçir, amma… GİZLİ ÇƏKİŞMƏ

Sabah ölkəmizdə 2020-ci ildə Litvada keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin əsas raundunun qruplarından birində mübarizə başlanacaq.

Sportinfo.az-ın məlumatına görə, millimiz Slovakiya, Monteneqro və Moldova ilə matçlarda qrupun əsas favoriti hesab edilsə də, Bakı İdman Sarayında keçiriləcək görüşlərin yekununda bizə ikinci yeri tutmaq da yetərlidir.

Ümumən, bu mərhələnin yekununda 8 qrupdan 16 kollektiv elit raunda vəsiqə alacaq. Həmin mərhələnin 2020-ci ilin yanvar ayında keçirilməsi nəzərdə tutulub.

Qarşılaşmaları hakimlər Andrey Çernı (Çex Respublikası), Migel Duarte Oliveyta Kastilyu (Portuqaliya), İnqus Purnis (Latviya), İnqo Heemsot (Almaniya) idarə edəcəklər. Millinin hazırlığına gəlincə, ümumi qiyməti elə baş məşqçinin öz dili ilə vermək olar:

"Komandanın qarşısına konkret məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq" - deyən Azərbaycan millisinin sükançısı Joze Alesiu Da Silva rəqibləri düzgün qiymətləndirir:

" Rəqiblərimiz haqda məlumat toplamışıq. Hər oyun bizim üçün vacibdir. Slovakiyanın əsas rəqibimiz olduğunu düşünə bilərsiniz, amma buna qədər Moldova və Monteneqronu məğlub etməliyik. Hazırlığımızı da bu istiqamətdə davam etdiririk".

Braziliyalı çalışdırıcının avazı yaxşı gəlir. Halbuki özü də gözəl bilir ki, başında dayandığı kollektiv ciddi məqsədlər üçün mübarizə aparacaq səviyyədə deyil. Son ayyarımda keçirilən beynəlxalq yoldaşlıq görüşləri ümidverici proqnozlaşdırmaya əsas vermir.

Milli zəif komplektləşib və hətta deyərdik ki, bu proses yarımçıq qalıb. Alesiodan olsa, düşərgəyə 1-2 yerli futzalçı çağırar, ya çağırmaz. Ona qalsa, bir iranlını da heyətə götürməz.Braziliyalı baş məşqçi yalnız öz həmyerlilərinin milliləşdirilməsinə tərəfdardır.

Federasiya isə 1 ildən artıqdır ki, onun dediklərini etmir. Çünki Zaur Axundov daha braziliyalılara pul xərcləmək istəmir. "Sambaçılar"ın aylıq məsrəfi minimum 10-12 min manata başa gəlir.

Xeyli müddətdir ki, bunun üstündə prezidentlə Alesio arasında ciddi fikir ayrılığı mövcuddur. Belə bir gərginlik içində komandamıza yalnız doğma divarlar kömək edə bilər, başqa heç nə!

Komandanın heyəti: Rövşən Hüseynli, Kamran Hacıyev, Nihad İsmayılov, Xətai Bağırov, İsa Atayev, Rizvan Fərzəliyev, Ramiz Çövdarov, Hadi Əhmədi, Vahid Şafiei, Əmir Şücaei (hamısı - "Araz"), Elnur Zamanov, Oqtay Rüstəmli (hər ikisi - "Neftçi"İK), Vitali Borisov ("Marafon"), Faiq Əliyev (EKOL), Teleş Martinş Tyaqu ("Norlisk Nikel", Rusiya), Kardozo Everton ("Levante", İspaniya), Melu Borgeş Eduardu ("ACCS Futsal", Fransa), Oliveira Du Nassimentu Uilyams ("Al - Arabi", Küveyt), Karvalyu Vilela Duş Santuş ("Kopaqril", Braziliya), İshağ Surğali (klubsuz).

Əsas raundun 3-cü qrupunda keçiriləcək oyunların təqvimi belədir:
23 oktyabr

17:00. Slovakiya - Monteneqro
20:00. Azərbaycan - Moldova
24 oktyabr
17:00. Moldova - Slovakiya
20:00. Azərbaycan – Monteneqro
26 oktyabr
17:00. Monteneqro - Moldova
20:00. Slovakiya - Azərbaycan

Xəbər Lenti