"Küveyt çempionatı daha güclüdür" - Millimizin üzvü

17 Oktyabr 2019 14:22 Futzal 1 379
"Küveyt çempionatı daha güclüdür" - Millimizin üzvü

Futzal üzrə milli komandamızın üzvü, Küveytin "Əl-Ərəbi" klubunda oynayan Vilyams Oliveryra "Vassura" Sportinfo.az saytına müsahibə verib.

- Seçmə mərhələnin hər üç oyunu Bakıda olacaq. Oyunlar öncəsi fikirlərin necədir?
- Bütün diqqətimizi qarşıdakı üç görüşə yönəltmişik. Bizi yaxşı oyunlar gözləyir. Moldova, Monteneqro və Slovakiya güclü komandalardır. Bizim də məqsədimiz qrupda ilk pilləni tutmaqdır. Amma bu, elə də asan olmayacaq. Hər üç oyunda işimizi yaxşı görməliyik. Joze Alesionun bizdən istədiklərini meydanda edərək, maksimum gücümüzü qoymalıyıq.

- Moldova və Monteneqornu millimiz üçün ciddi rəqib hesab etmək olmaz. Yəqin ki, qrupda 1-ci yerin taleyi Slovakiya ilə oyunda həll olunacaq?

- Hansı komandanın daha güclü olduğunu bilmirəm. Çünki oyunlarını izləməmişəm. Ancaq hər üç matça ciddi yanaşırıq. Bununla belə, Slovakiyanın daha güclü komanda olduğunu düşünürəm.

- Yığmamızın seçmə mərhələdə məqsədi nə olacaq?
- Qrupu birinci pillədə başa vurmaq istəyirik. Ən yaxşı oyunumuzu göstərib, qələbələr qazanmaq niyyətindəyik. Amma bu elə də asan olmayacaq. Rəqiblər də Bakıya uğurlu nəticə üçün gələcək.

- Millimiz Rusiyanın Həştərxan şəhərində keçirilən turnirdə iştirak etdi. Rusiyada bir qələbə belə qazana bilmədiniz. Həmin turnirin yığmamıza köməyi olacaq?
- Həştərxandakı yarışda komandaların hamısı güclü idi. Biz həmin turnirdən müsbət fikirlərlə ayrıldıq. Əgər Bakıdakı seçmə mərhələdə oradakı kimi oynasaq, birinci yeri tutacağıq.

- Hazırda Küveytdə legioner həyatı yaşayırsan. Gələcəkdə karyeranı Azərbaycanda davam etdirmək planın varmı?
- Məncə, Küveyt çempionatı daha güclüdür. Oradakı komandaların heyətində çox güclü 3-4 legioner var. Çempionat da ağır keçir.

Xəbər Lenti