"Üç ardıcıl məğlubiyyət psixoloji təsir edir"

17 Oktyabr 2019 11:16 Futzal 507
"Üç ardıcıl məğlubiyyət psixoloji təsir edir"

Dünya çempionatının seçmə qrup mərhələsinə hazırlaşan futzal millimizin üzvü Xətai Bağırov yığmanın bu gün keçirilən açıq məşqindən öncə media qarşısına çıxıb.

Sportinfo.az xəbər verir ki, Bağırov Çempionlar Liqasındakı uğursuzluğun düşərgədə ab-havanı korlamadığını vurğulayıb.

O, məşqlərə dünəndən başladıqlarını, rəqiblərə qarşı necə oynamalı olduqlarını öyrəndiklərini deyib: "Rəqiblərə qarşı necə oynayacağımızı baş məşqçi bizə göstərir, tapşırıqlarını verir. "Araz"ın heyətində Çempionlar Liqasında uğursuz çıxışımız komandaya psixoloji təsir etmir. Hər şey yaxşıdır. Düzdür, nəticələrimiz zəif oldu. Bu da məlum səbəblərdən idi. Oyunçularımıza viza verilmədi. Məcburiyyətdən beş nəfərlə oynadıq. Üç ardıcıl məğlubiyyət əlbəttə, psixoloji təsir edir.

Yaxşı formaya düşdük, çox qaçdıq. Yorğunçuluq var idi, istirahət etmişik, artıq özümüzə gəlmişik. Slovakiya və Moldova ilə oyunlarımız olub, onları tanıyırıq. Yaxşı nəticə əldə etmək olar. Öz meydanımızda oynayırıq. Onlara qarşı necə oynayacağımızı bilirik. Ümidvaram, hər şey yaxşı olacaq".

Oktyabrın 23-dən 26-dək keçiriləcək seçmə mərhələdə Azərbaycanın rəqibləri Slovakiya, Moldova və Monteneqro milliləri olacaq. Oyunlar Bakı İdman Sarayında keçiriləcək.

Xəbər Lenti