AFFA-nın "B" planı: Zaurun biri gedir, digəri gəlir

30 Sentyabr 2019 11:20 Futzal 1 103
AFFA-nın "B" planı: Zaurun biri gedir, digəri gəlir

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov istefa verəcəyi ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

Qurum rəhbəri iddia edib ki, bunlar yalan xəbərlərdir: "İşimizi davam etdiririk. Oktyabrın sonu möhtəşəm turnir var. Bunlar hamısı kiminsə uydurmasıdır".

Axundov iki işin ona çətinlik yaratmadığını vurğulayıb: "Futzal çempionatlarını izləyirəm. Naxçıvanın "Araz"ı Çempionlar Liqasında oynayacaq. Oktyabrın sonunda millimizin dünya çempionatının seçmə mərhələsindəki qarşılaşmaları var".

Bu, AFF prezidentinin Sportinfo.az-da gedən xəbərə reaksiyasıdır. Bildirmişdik ki, o, AFFA rəhbərliyi ilə görüşüb və toplantıda millinin durumu, yeni çempionatın səviyyəsi, ümumiyyətlə, bu sahədəki problemlər geniş müzakirə olunub.

Axundov işlərinin çoxluğu ilə əlaqədar federasiyaya lazımı qədər diqqət ayıra bilmədiyini, bu səbəbdən prezident postundan getmək istədiyini dilə gətirib.

O, əsas fikrini Müşahidə Şurasının sədri olduğu "Keşlə"yə yönəltmək niyyətindədir. Təklif AFFA rəsmiləri tərəfindən normal qarşılanıb, bununla belə, düşünüb qəti qərara gəlmək üçün Zaur Axundova vaxt verilib.

Redaksiyamızda olan məlumata görə, AFFA-nın B variantı artıq hazırdır. Həmin namizəd Zaur Hacı-Məhərrəmovdur. Sözügedən şəxs müxtəlif istiqamətlər üzrə 3 vəzifə tutur – futbol üzrə əsas millinin meneceri, AFFA-nın futzal üzrə koordinatoru və Klublar Komitəsinin katibi.

Elxan Məmmədovun ona kifayət qədər yaxın olan bu zatı AFF-nın rəhbəri postuna gətirməsində heç bir problem yoxdur. Sadəcə, AFFA-nın baş katibi Zaur Axundovu itirmək istəmir və uzun illərdir futzal sahəsinə nəzarət edən dostunun bütün işləri paralel aparmasına tərəfdardır.

Amma bu da faktdır ki, Axundov "Keşlə"nin başına keçəndən sonra futzala yetərincə diqqət ayırmır. Nəinki birinci və ikinci liqanın, heç yüksək liqanın oyunlarına gəlib baxmır, mükafatlandırma tədbirlərində iştirak etmir. Maddi-mənəvi dəstəyini kifayət qədər azaldıb.

Əvvəl daim yığmanın yanında idi, indi arada-sırada maraqlanır. Klublar isə federasiyanın onlara etinasız münasibətindən hər addımbaşı şikayətlənir. Zaur Axundov buyurur ki, işimizi davam etdiririk. Milli son 1 ayda 5 oyun keçirib və hamısını uduzub. Görəsən, iş deyəndə bunu nəzərdə tutur?

Xəbər Lenti