"Bu turnirin təşkil olunmağı yaxşıdır ki, dünya çempionatının seçmə oyunlarına hazırlaşırıq. Yarışda Rusiya, İran, Qazaxıstan kimi ölkələrə qarşı mübarizə aparmaq hazırlığımızı yüksək səviyyədə keçirməyimizə təkan olur".
Bu sözləri Sportinfo.az saytına açıqlamasında hazırda Rusiyanın Həştərxan şəhərində keçirilən "Caspian-Cup" 2019 turnirində iştirak edən futzal millimizin qapıçısı Rövşən Hüseynli deyib.
28 yaşlı qolkiper əvvəlcə Rusiya və İrana qarşı keçirdikləri görüşlər barədə fikirlərini bölüşüb: "Rusiyaya qarşı yaxşı oynadıq. Sadəcə, taktiki epizodlarda bəzi anlaşılmazlıqlar oldu. Bu da komanda yoldaşlarımızın əksəriyyətinin başqa klublarda oynamasından və az məşq etməyimizdən irəli gəlirdi. Ona görə adi qollar buraxdıq. İranla qarşılaşma isə onların təzyiqi ilə başladı. Ancaq səhvlərimizi düzgün təhlil etməyimiz işimizə yaradı, 2 qol vurduq. Oyun biz istəyən tərzdə gedirdi. Fasilədən sonra İran yığması fərqi azaltdı. Məncə, görüşün qırılma nöqtəsi 10 metrlik nöqtədən qaçırdığımız cərimə zərbəsi oldu. Sabah Qazaxıstanla qarşılaşacağıq, tanıdığımız komandadır, oyunlarını da təhlil etmişik. Məşqçimiz rəqibə qarşı necə oynamağı hərtərəfli izah edəcək. Təbii ki, məqsəd qələbə qazanmaqdır".
Millimizin əsas qapıçısı gələn ay Bakıda start götürəcək dünya çempionatının seçmə mərhələsi barədə də danışıb. O, ikinci dəfə mundialda iştirak etmək istəyində olduqlarını bildirib: "Bu turnir bizim üçün yaxşı hazırlıqdır. Gələn ay bizi Bakıda çox ciddi oyunlar gözləyir. Əlimizdən gələni edəcəyik ki, ikinci dəfə dünya çempionatının final mərhələsinə çıxaq. İnşallah, yüksək səviyyədə çıxış edib azarkeşləri sevindirərik".
Millimiz oktyabrın 23-dən 26-na qədər Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsində Slovakiya, Monteneqro və Moldova ilə mübarizə aparacaq. İlk görüşümüz oktyabrın 23-də Bakı İdman Sarayında Moldovaya qarşı olacaq.

