“Sabah” Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Gün ərzində mətnuatda və səhifələrdə tirajlanan bu xəbər ictimaiyyət arasında narazılığa səbəb olub.
Düzdür, qərarı alqışlayanlar da var. Ancaq böyük əksəriyyət matçların Qafqazın bir nömrəli arenasında baş tutmasına qarşıdır. Həmin insanlar əvvəlki 10 ildə BOS-a dəfələrlə gedib-gələnlər, bir neçə oyunu stadionda izləyənlərdir.
Şəxsi fikrim belədir ki, bəli, BOS futbol oyunlarının, xüsusən də avrokubok görüşlərinin keçirilməsi üçün uyğun məkan deyil.
Azarkeşlərin stadionun həndəvərinə yaxınlaşması, turniketlərdən içəri daxil olması, son mərhələdə sektoru və yerini tapması az qala iki saat vaxt tələb edir. “Koroğlu” metrostansiyasından arenaya qədər olan azı 1 kilometr məsafəni qət edib, oyundan sonra qayıtmağın yaratdığı çətinliyin nə olduğunu o əzabı çəkənlər yaxşı bilir.
Matçı izləmək üçün şəxsi avtomobili ilə gələnlər də xüsusi çətinlik yaşayır. Stadionun parkinq ərazisinin elə də böyük olmaması məhdud sayda maşının yerləşməsinə səbəb olur. Belədə inanılmaz dərəcədə tıxac yaranır, yollar bağlanır və yekun nəticədə adamlar oyuna gecikir.
Keçək əsas məsələyə. BOS-un tribunasında əyləşib futbolu normal şəkildə izləmək, topun kimdə olduğunu görmək, ümumiyyətlə, oyunun həyəcanını hiss etmək müşkül məsələdir. Meydanla tribunalar arasındakı qaçış zolaqlarının enli olması xoş mənzərəyə kölgə salır. Təbii ki, futbolçular da azarkeşlərin dəstəyini lazımi şəkildə hiss etmir, onları öz yanlarında görə bilmir.
“Barselona” kimi dünya nəhəngi ilə oyun BOS-da keçirilməlidir, bu, birmənalıdır. İstər rəqibin nüfuzuna görə olsun, istər azarkeş marağı, istərsə də ölkənin ən böyük stadionunu ispanlara göstərmək – hər bir halda dünyanın diqqət mərkəzində olacaq qarşılaşma üçün BOS seçilməlidir.
Ancaq söhbət digər görüşlərdən, “Slaviya”, “Borussiya Dortmund” və “Napoli” ilə görüşlərdən gedirsə, bu oyunları Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək hər mənada alqışlanan hal olar.
Onsuz da bu rəqiblərlə matçlara 50-60 min azarkeşin gələcəyi inandırıcı görünmür. 30 minlik stadion tam bu oyunun “əyninə biçilib”. Üstəlik, Respublika stadionu “Sabah”lılar üçün tanış, uğurlu və düşərli məkandır.
Hər bir halda dörd qarşılaşmanın hamısının BOS-da təşkil olunması uğurlu seçim deyil. Hər halda futbol ictimaiyyətinin narazılığı bu cür düşünməyə yol açır.
HƏBİB /SPORTİNFGO.AZ
