“Qarabağ” və “Neftçi”yə gücümüzü göstərə bilirik, digər oyunlarda sanki nəsə çatmır”

8 Sentyabr 2023 17:00 Çempionlar Liqası 1 456
“Qarabağ” və “Neftçi”yə gücümüzü göstərə bilirik, digər oyunlarda sanki nəsə çatmır”

“Kəpəz”in belaruslu kapitanı Yeqov Xvalko Sportinfo.az-a müsahibə verib.

- “Araz-Naxçıvan”la oyunda nə baş verdi, niyə uduzduz?

- Rəqibə qol vurmaq üçün şərait yaratdıq, onlar da bundan maksimum istifadə etdilər. İddialı rəqiblərlə oyunlarda komanda şəklində müdafiə olunub, o formada da hücuma çıxırıq. Və bu bizə uğur qazandırır. Lakin bu cür matçlarda fərd olaraq kobud səvlərə yol veririk. Artıq bitdi, heç nə dəyişən deyil. Səhvlərimizdən nəticə çıxarıb bir daha təkrarlamamalıyıq.

- Sanki tay rəqiblərlə oyunlara köklənmək probleminiz var.

- Köklənməkdən, motivasiyadan söhbət gedə bilməz. Qələbə qələbədir, rəqibin adının fərqi yoxdur. Meydana çıxan saniyəyə qədər məşqçilər heyəti konsentrasiyanı yada salır. Erkən qol buraxsaydıq, hə, buna hansısa mənada motivasiyasızlıq demək olardı.

- Heç nədən qapınızdan ilk qolu buraxdınız. Penalti epizodunu necə şərh edə bilərsən?

- Penalti var idi, buna şübhə etməyə dəyməz. Fərdi səhvimiz idi, acısını çəkdik. Onsuz da qolların demək olar hamısını fərdi səhvlərdən buraxırıq. Bunun üzərində işləyirik. Komanda ayyarımın ərzində yığılıb, sonradan qoşulan futbolçular var. Uyğunlaşmaq, öyrəşmək üçün istər-istəməz vaxt lazımdır.

- Təəccüblü olan bilirsən nədir?

- Nə?

- “Neftçi”ni məğlub edib, “Qarabağ”la səfərdə heç-heçə oynayan komandanın doğma meydanda “Turan Tovuz”la “Araz-Naxçıvan”a uduzması.

- Bayaq onu deyirdim ki, “Qarabağ” və “Neftçi” kimi rəqiblərə qarşı komanda gücü göstərə bilirik, amma digər oyunlarda sanki nəsə çatmır. Məşqçilər də bildirir ki, həmin 4 xal bizi rahatlaşdırmamalıdır, əksinə, qələbə istəyimizi artırmalıdır. Bu gün ən böyük problemimiz qol vəziyyətləri yarada bilməməyimiz idi. Rəqib qapısı önündə real təhlükə yarada bilmirdik. “Araz-Naxçıvan” da fövqəladə oyun sərgilmədi. Sadəcə onlar ələ düşən imkanları qola çevirdilər.

- Oyundan sonra sizi, yəni məğlub komandanı alqışlayan azarkeşləri gördün yəqin.

- Əlbəttə. Bizim ən böyük üstünlüyümüz elə azarkeşlərimizdir. Sağ olsunlar, hər dəfə bizə lazım olan dəstəyi verirlər. Bilirəm, qələbə istəyirlər. Amma sizi inandırım, biz 3 xalı onlardan da çox istəyirik. Heç olmasa, 1 xal qazanmaq istəyirdik, o da alınmadı. Məncə, oyunun məntiqli nəticəsi elə bərabərlik idi. Azarkeşlərimizə təşəkkür edirəm. Növbəti oyunlarda onları sevindirmək üçün hər şey edəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"